Xəbər verdiyimiz kimi, koronavirusla mübarizədə sərt tədbirlərdən çəkinən İsveç Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən gələcək üçün nümunə hesab edilib.ÜST-ün xüsusi nümayəndəsi Devid Nabarro virus üzərində qələbənin ancaq əhali və hökumət arasındakı etimad nəticəsində mümkün ola biləcəyini deyib.
Onun fikrincə, İsveç hökumətinin virusla mübarizədəki davranışı doğru olub və xalq tərəfindən də düzgün qarşılanıb.
Ekspert hesab edib ki, digər ölkələr də beləcə vətəndaşların anlayışına güvənməlidir.
Xatırladaq ki, koronavirus yayılmağa başladığı ilk dövrdən etibarən İsveç sərt karantin tədbirlərindən imtina edib.
Bəs İsveç təcrübəsi necədir?Cebhe.info bununla bağlı araşdırmasını təqdim edir:
Baxmayaraq ki, ölkədə koronavirusdan ölənlərin sayı digər Skandinaviya ölkələrindən daha çoxdur, lakin virusla mübarizə çərçivəsində qadağa tədbirləri çoxluq təşkil etmir. Qadağalar əvəzinə könüllülük və şəxsi məsuliyyət əsas götürülür.
"Kollektiv toplaşma" və ya digər adı "İsveç modeli" olan strategiyanın müəllifi, Səhiyyə İdarəsinin epidemioloqu Anders Tenqelin fikirlərinə görə, birgə toplaşmaq əhalinin 70-90 faizində immun formalaşdırır.
O, bunun nəticəsində yoluxma zəncirinin pozulacağını, xəstəliyin yayılma sürətinin yavaşlayacağını və ya tamamilə dayanacağını təxmin edir.
Bir çox ölkələrdən fərqli olaraq İsveç, koronavirusa yoluxmanı yavaşlatmaq üçün həyatın demək olar ki, bütün sahələrini dayandıran tədbirlər görmək əvəzinə, yaş qruplarını hədəf alan qaydalar tətbiq edir.
Məsələn, uşaqların koronavirusa yoluxmasının daha sürətli olduğunu nəzərə alaraq, ölkədə 16 yaşadək olan məktəblilər hər zamanki kimi təhsillərinə davam edir. Lakin gənclərdə yoluxma prosesi daha tez baş verdiyindən, 16 yaşdan yuxarı şəxslərin təhsil prosesini evdə davam etdirməsi tövsiyəsi verilib.
Səhiyyə, ictimai nəqliyyat və sosial xidmətlər sahələrində çalışan işçilər, risk qrupuna daxil edilmir. Bunun sayəsində onlar işlərinə normal qaydada davam edə bilirlər. Dolayı yolla, bu da hökumətin "kollektiv immunitet" strategiyasının bir hissəsi kimi qəbul olunur.
Digər bir tərəfdən, İsveç hökuməti pandemiya səbəbiylə risk qrupunda olduğu üçün işə gedə bilməyən işçilərə hər ay maaş verir. Amma digər ölkələrdən fərqli olaraq, burada risk qrupuna çox insan daxil deyil.
Məsələn, hamilə qadınlar risk qrupuna əlavə edilməyib. Risk qrupuna ancaq xərçəng, ürək və böyrək çatışmazlığı kimi müxtəlif ağır xəstəlikləri, əlilliyi olan şəxslər əlavə edilib. Baxmayaraq ki, bu qərar müxalif partiyalar tərəfindən qəbul edilmir və pislənilir.
Bundan əlavə, həssas şəxslər nəzərə alınmadan sərbəst toplaşmaq icazəsi var.
Məsələn, dünyanın bir çox ölkəsində yaşlıların evdən çıxmasına qadağa qoyulduğu halda, İsveçdə bu, insanların öz öhdəsinə buraxılıb. Lakin hökumət sadəcə tövsiyə edib ki, yaşlı və xəstə insanlar maksimum dərəcədə özlərini qorusun, lazım olmadığı hallarda evdən çıxmamağa çalışsınlar.
Bir çox ölkələrdə 10 nəfərədək şəxsin toplanmasına qadağa varsa, İsveçdə bu rəqəm 50-dir.
Bununla birlikdə, hökumət ictimaiyyət qarşısında konkret qadağa qoymasa da, onlardan səyahət etməmələrini istəyib.
Həmçinin İsveçdə mağazalar, restoranlar, barlar və idman salonları kimi məkanlar açıq qalıb və xidmətini davam etdirir.
Məsələn, ölkəmizdə metroların hələ də istifadəsinə icazə verilmədiyi halda, İsveçdə ictimai nəqliyyat vasitələri də olduğu kimi fəaliyyətini davam etdirir.
Önəmli olan budur ki, hökumətin bu qərarları insanlar tərəfindən normal qarşılanır. Həmçinin insanlar da qadağalar olmasa belə, özünü qorumağa çalışır. Bir növ, hökumət-vətəndaş münasibətlərində könüllülük
prinsipi gözlənilir.
Naibə
Cebhe.info