Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ramiz Mehdiyev 44 il əvvəl toylar haqqında bunları yazıb: “Toydan varlanmaq… “ — TAM MƏTN

25-08-2020, 13:28   


Məlum olduğu kimi, koronovirus pandemiyası səbəbindən ölkədə kütləvi tədbirlərin, o cümlədən də toy mərasimlərinin keçirilməsi qadağan olunduğu üçün Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə toy mərasimi keçirməsi sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə olunub.

Pandemiya dövründə Nazirlər Kabineti tərəfindən müəyyən olunan karantin qaydalarını pozduqları üçün Ramiz Mehdiyevin kürəkəni - sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev barəsinə 15 sutka inzibati həbs cəzası verildi. Eyni zamanda toy mərasimində iştirak etdikləri üçün indiki və sabiq yüksək vəzifəli şəxlər 400 manat məbləğində cərimə olundular.

Yeniavaz.com xəbər verir ki, keçirdiyi bu qalmaqallı toy mərasimi ilə gündəmə gələn Ramiz Mehdiyev 44 il əvvəl - 1976-cı ildə “Azərbaycan kommunisti” jurnalında “Zəhmətkeşlərin kommunist tərbiyəsində sosialist ənənələrinin rolü” adlı məqaləsində toy mərasimlərinin keçirilməsindən bəhs edib.

Maraqlı olacağını nəzrə alaraq Ramiz Mehdiyevin 1976-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsində işlədiyi zaman qələmə aldığı həmin məqalədən bir hissəni (toyla bağlı olan qeydlər-red.) təqdim edirik:

“…İnqilabi, döyüş və əmək ənənələri ilə yanaşı, sovet adamları- nın həyatında yeni mülki adət və ənənələr bərqərar olmuş, sosialist həyat tərzinin tərkib hissəsinə çevrilmişdir. Kommunist ideyaları əsasında formalaşan həmin adət və ənənələr xalq adət və ənənələrinin ən yaxşı cəhətlərini özündə əks etdirir. Respublikamızda ailə-məişət adət və ənənələrinin təkmilləşdirilməsi, yeni sosialist məzmunu ilə, beynəlmiləl xüsusiyyətlərlə zənginləşdirilməsi və məişətə tətbiq olunması sahəsində bir sıra işlər görülmüşdür. Toy adətləri yeni mərasimlərlə zənginləşmiş, nikah mərasimi yaddaqalan təntənəli və parlaq bir mərasimə çevrilmişdir. Şəhərlərdə, bir çox rayonlarda nikah mərasimi səadət saraylarında, mədəniyyət evlərində və yaxud bu məqsəd üçün ayrılmış xüsusi otaqlarda təntənəli şəkildə keçirilir. Uşağın anadanolma gününü qeyd etmək, orta və ali məktəbi bitirmək, pasport almaq, əmək fəaliyyətinə qədəm qoymaq kimi insan həyatındakı mühüm hadisələrlə əlaqədar yeni mərasimlər respublikamızda geniş tətbiq olunur.

Yeni adət və ənənələrin təbliği və tətbiqi sahəsində müəyyən müvəffəqiyyətləri göstərməklə yanaşı, etiraf etmək lazımdır ki, bu işdə nöqsanlar çoxdur. Hələ vilayət, şəhər, rayon partiya komitələri büro və plenumlarda, zəhmətkeş deputatları sovetləri sessiyalarında və icrakom iclaslarında yeni adətlərin təkmilləş- dirilməsi və geniş yayılması məsələlərini təsadüfdən-təsadüfə müzakirə edirlər. Heç də hər yerdə bu məsələlər partiya, sovet, həmkarlar ittifaqları və komsomol işçilərinin seminarlarında nəzərdən keçirilmir, kommunist tərbiyəsinin digər istiqamətləri ilə sıx əlaqələndirilmir. Ağdam, Astara, Masallı, Kürdəmir, Xaçmaz rayonlarının partiya, sovet, ictimai təşkilatları köhnə, zərərli adət və ənənələrlə zəif mübarizə aparır, əmək və məişətin müxtəlif sahələrində yüksək ideyalı, güclü emosional təsiri olan adət və ənənələri planlı şəkildə, ardıcıl tətbiq etmirlər. Bir sıra yerlərdə ailə-məişət adətləri dinin təsirindən tam azad olmayıbdır.

Müasir toylar respublikanın hər yerində keçirilmir. Bəzi hallarda toyun əsl mənası təhrif olunur, vaxtı çoxdan keçmiş mərasimlər saxlanılır, hətta əvvəllərdə Azərbaycan toyunda olmayan zərərli ünsürlər gətirilir, toydan varlanmaq vasitəsi kimi istifadə olunur. Təmtəraqlı sünnət toyları keçirilməsi kimi zərərli adətə son qoyulmamışdır. Bir çox hallarda dəfn mərasimlərinin təşkili mollaların əlindədir.

Yeni sosialist adət və mərasimləri artıq cəmiyyətimizin hər bir üzvünün həyati tələbatına, sovet həyat tərzindən irəli gələn obyektiv zərurətə çevrilmişdir. Belə olduğu halda, onların geniş tətbiq edilməsi üçün hər cür lazımi şərait yaradılmalıdır. Partiya komitələri, sovet, həmkarlar ittifaqları, komsomol təşkilatları, təsərrüfat orqanlarının rəhbərləri, ideoloji təsisatlar Sov.İKP-nin və sovet xalqının şanlı ənənələrinə qayğı ilə yanaşmalı, yeni ümumsovet mülki adətlərini geniş yaymalıdırlar. Zəhmətkeşlərdə marksizm-leninizm dünyagörüşü, yüksək ideya-siyasi keyfiyyətlər, kommunist əxlaqı normaları formalaşdırmaq işində sovet adət və ənənələrindən səmərəli istifadə olunmalı, bu istiqamətdə konkret tədbirlər hazırlanıb həyata keçirilməlidir…”.
 
“Azərbaycan kommunisti” jurnalı, 1976-cı il
 

 
Demokrat.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar