
Deputat Ağalar Vəliyevin oğlu Gürcüstana milyonlarla dollar sərmayə qoyub. ANAXEBER.info xəbər verir ki, bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Facebook səhifəsində yazıb: "Deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin Gürcüstanın Qara dəniz sahilindəki kiçik kurort şəhəri Kabuletidə tikdiyi bina. Deputatın oğlu qonşu ölkəyə ümumilikdə 50 milyon dollar vəsait yatırıb". Bundan sonra jurnalist Pərviz Vəliyevin Kabuletidə tikdirdiyi binaların fotosunu paylaşıb. Qeyd edək ki, Pərviz Vəliyevin "Kristal Abşeron" şirkətinin sahibi olduğu bildirilir. Ağalar Vəliyev 1957-ci ilin bu günü Yevlax şəhərində anadan olub.1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. İxtisasca inşaat mühəndisidir. Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlayıb. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi, 1996-1998-ci illərdə isə “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışıb. 1998-ci ildən “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə"Əməkdar mühəndisi" fəxri adına layiq görülmüş, 2012-ci ildə isə “Şöhrət”, 2017-ci ildə isə “Vətənə xidmətə görə” ordenləri iə təltif edilib. O 2015-ci ildən deputatdır. Pərviz Vəliyev Ağalar Vəliyevin yeganə övladıdır.
AnaXeber.AZ