“Koronavirusa yoluxanlar arasında həm həkimlər, həm də xəstələr var idi”.
Bunu Musavat.com-a açıqlamasında Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov deyib.
Telman İbadov bildirib ki, may ayında xəstəxanın fəaliyyəti bir həftəlik dayandırılıb və dezinfeksiya işləri aparılıb.
Xəstəxananın bu günlərdə yenidən bağlanması haqda yayılan məlumatların doğru olmadığını deyən baş həkim bildirib ki, hazırda iş başındadırlar:
“Ötən ay bir həftə dezinfeksiya işləri aparıldı. Sonra isə fəaliyyətimiz tam olaraq bərpa edildi. Hazırda xəstəxana fəaliyyət göstərir və hər kəs iş başındadır”.
T.İbadov qeyd edib ki, xəstəxanada koronavirusa yoluxanlar arasında xəstələrlə yanaşı, həkimlər də olub:
“Əməkdaşlarımızdan bir neçəsi koronavirusa yoluxmuşdu. Onlar testdən keçirildi və karantinə alındı. Karantindən sonrakı test nümunələri neqativ çıxıb. Növbəti dəfə də testdən keçiriləcəklər. Artıq əməkdaşlarımız arasında karantindən çıxanlar, sağalanlar var. Onlar yenidən işə qayıdacaqlar”.
Baş həkim xəstəxanada virusa yoluxmuş pasientlərin səhhətində də problem olmadığını, onların da sağaldığını bildirib.
Qeyd edək ki, ötən ayın sonlarında Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa yoluxma halının baş verməsi və xəstəxanın fəaliyyətini dayandırması ilə bağlı məlumatlar yayılmışdı. Virusa yoluxanlar arasında xəstələr və həkimlərin olduğu bildirilirdi.
İlkin Muradov,
Musavat.com