Növbədənkənar parlament seçkiləri ilə bağlı bütün siyasi qüvvələr aktiv seçki dönəmi yaşayır. Hazırda sənədlərini dairəyə təqdim edərək imza vərəqi alan namizədlərin imzatoplama kampaniyası aparılır. Namizədliyini 35 saylı Xətai 3-cü seçki dairəsindən irəli sürən “Ümid” Partiyasının sədri İqbal Ağazadənin də imzatoplama kampaniyası gedir. Ümid sədrinin seçki qərargahında xüsusi aktivlik və seçicilərin marağından yaranan canlanma müşahidə olunur. Məlumat üçün bildirək ki, İqbal bəy növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürəcəyi dairəni açıqlayıb. Xatırladaq ki, İqbal Ağazadə 2005 və 2010-cu il seçkilərində bu dairədə 21 namizədi arxada qoyaraq deputat seçilib. Bu dönəmdə millət vəkili kimi fəaliyyəti dairə ərazisində olan vətəndaşlarda xüsusi rəğbət yaradıb. Seçicilər indi də 2015-ci il seçkilərində baş verənləri təəssüflə xatırlayır və bu dəfəki seçkilərdə öz namizədlərinin qələbəsinə əmin olduqlarını bildirirlər. Onu da qeyd edək ki, İqbal Ağazadə şəxsiyyətinə 35 saylı Xətai 3-cü seçki dairəsində olan bu sevgi bir tərəfdən onun zamanında insanların ümidlərini doğrultması ilə bağlıdırsa, digər bir tərəfdən də buraxılmış parlamentdə onları təmsil edən Araz Əlizadə adına olan qıcıqla bağlıdır. Seçicilər bütün ölkə boyu antipatiya qazanmış bu şəxsin onların təmsilçisi kimi tanınmasını heç cür qəbul edə bilmirlər. Elə bu səbəbdən də, İqbal Ağazadənin seçki qərargahına seçicilər özləri üz tutur və elə buradaca onun namizədliyinin təsdiqi üçün imza atırlar. Qərargahda olan seçicilər İqbal Ağazadənin siyasi fəaliyyəti və millət vəkili kimi fəaliyyəti ilə yaxından tanış olduqlarını bildiriblər: “İqbal Ağazadə bizim problemləri parlamentə qaldıracaq yeganə namizəddir və bu səbəbdən ona səs verəcəyik. Çünki parlament fəaliyyəti zamanı hər zaman seçicilərin problemi ilə maraqlanıb, problemləri parlamentdə qaldırıb və həllinə çalışıb. Təkcə seçildiyi dairədən deyil, bütün bölgələrdən olan müraciətləri cavabsız qoymayıb”.