“Mən vətəndaşlara bildirmək istəyirəm ki, “Ata” Sığorta Şirkətində sığorta əməliyyatı etdirməsinlər. Bu Sığorta Şirkəti dələduzluqla, saxtakarlıqla məşğul olur, vətəndaşları aldadıb pulunu mənimsəyir”
PressClub.Az xəbər verir ki, Ucar rayon sakini Məmmədov Mahir Əliyusif oğlu başına gələnlərdən sonra bu müraciəti edir.
M.Məmmədov deyir ki, “Ata” Sığorta Şirkəti onu aldadıb sığorta pulunu vermək istəmir: “17 dekabr 2017-ci il tarixdə Ucar şəhərinin Oğuz küçəsi ərazisində mənə məxsus 10 NR 709 nömrəli VAZ-2107 markalı avtomobillə VAZ-21011 markalı avtomobil toqquşub. Nəticədə mənim avtomobilimə 1800 manat ziyan dəyib. Təqsir qarşı tərəfdə olduğundan hadisəni araşdıran Ucar Rayon Polis Şöbəsində buna dair sənədlər tərtib edilib.
Həmin sənədləri “Ata” Sığortanın Göyçay rayon filialına təqdim etdim. Oranın əməkdaşı Rauf Həmidov hər dəfə müxtəlif bəhanələr gətirə-gətirə avtomobilimə dəyən ziyanın sığorta pulunu vermək istəmir. Rauf Həmidov mənə bildirir ki, sənədlərini hazırlayıb Bakı şəhərinə, mərkəzi idarəyə göndərmişik, onlar pulu verən kimi sizə sığorta pulu ödəniləcək. Baş İdarəyə zəng edib soruşuram, onlar deyir ki, bizlik deyil.
Artıq 6 aydır ki, “Ata” Sığorta məni süründürməçiliyə məruz qoyub. Gah deyirlər ki, sənə 550 manat sığorta pulu veriləcək, gah da deyirlər ki, 250 manat veriləcək. Bu fırıldaqçı sığorta şirkəti istədiyi saxtakarlığı edir. Əslində, isə mənim avtomobilimə dəyən ziyanın məbləği 1800 manatdır ki, buna dair rəy var. Bu özbaşınalıq, qanunsuzluqdur ki, “Ata” Sığorta şirkəti edir”.