
Oktyabrın 25-dən 26 keçən gecə Abşeron rayonunun Xırdalanda qəsəbəsində iki nəfərin öldürülməsi ilə nəticələnən atışma haqqında xəbərlər bir sıra suallar yaradıb.
Qeyd edək ki, Xırdalandan gələn ilkin məlumatlarda hüquq-mühafizə orqanları əməkdaşlarının iki gün öncə həbsdən qaçan məhbusların – Etibar Məmmədov və Əli Ağaminin yerini müəyyən etdikləri və onların silahlı müqavimət göstərmələri səbəbi ilə “zərərsizləşirildikləri” deyilirdi.
Bundan bir müddət sonra Xırdalanda atışma xəbəri bir sıra mötəbər informasiya portalları tərəfindən təsdiqlənsə də, nə öldürülənlərin kimliyi, nə də əməliyyatın məhz hansı hüquq-mühafizə orqanı tərəfindən həyata keçirildiyini açıqlandı.
Xəbərdə insidentin “dəmir yolu xəttinin yaxınlığında” baş verdiyinin xüsusi vurğulanması, məsələnin qatardan qaçan məhbuslarla bağlı olduğuna işarədir. Amma xəbərlərin təhlili ortaya bir sıra suallar çıxarır:
Əgər bu və ya digər hüquq-mühafizə orqanı, xəbərdə deyildiyi kimi, iki silahlı cinayətkarı məhv edibsə, bu əməliyyatı həyata keçirən orqanın adı hansı məntiqlə gizli saxlanılır?
Əgər öldürülən şəxslər qatardan qaçan məhbuslardırsa, necə olub ki, onlar hələ dəmir yolu xətlərindən uzaqlaşa bilmədikləri halda, artıq silah əldə biliblər?
Əgər öldürülən şəxslər qatardan qaçan məhbuslar deyilsə, bu, artıq yeni məzmunlu suallar doğurur:
Onları məhv etməyə doğrudanmı ehtiyac olub?
Onlar sadəcə yanlışlıqla, qaçan məhbuslarla səhv salındıqları üçün məhv edilməyib ki?
Bu sualların yaranmasının əsas səbəbi güc-strukturlarının hadisəyə münasibət bildirməməsidir. Doğrudur, hadisə gecə saatlarında baş verib. Lakin bir məqam da nəzərə alınmalıdır ki, Xirdalanda atışma haqqında ilkin məlumatlar yayılan dəqiqələrdə DTX Lökbatanda keçirdiyi və 3 nəfərin “zərərsizləşdirilməsi” ilə nəticələnən başqa bir əməliyyat haqda məlumat yaydı. Yəni Xırdalanda keçirilən əməliyyat haqqında da məlumat verilə bilərdi. Amma verilmədi. Bunun səbəbi də bir sualdır. Ümid edirik ki, hüquq-mühafizə orqanlarının növbəti açıqlamalarında bu suallara cavab tapılacaq.
Mustafa Hacıbəyli
Bastainfo.com