
Əgər demokratik islahatlar aparılmasa…
Dünya gör-götür dünyasıdır. Hər addımda böyük ibrətlər, nümunələr, dərslər var. Yəni insan istəsə, yan-yörəsinə nəzər salıb, düzgün yolu seçə bilər. Bütün bunlar hökumətlərə də aiddir. Gözümüzün qarşısında dünyanın mənzərəsi canlanır və avtoritarların necə sıradan çıxarıldığını görürük. Vəziyyəti düzgün qiymətləndirənlər demokratik islahatlara meyllənir, şəffaf seçki keçirir, dünyaya inteqrasiya yolunu tutur. Son olaraq Iran nümunəsində gördük ki, demokratik açılımın alternativi yoxdur.
Təəssüf ki, Azərbaycan hakimiyyəti gördüklərindən dərs götürmür. Hələ də hakimiyyətlərinin ömrünü uzatmaq, dünyadan təcrid olunmaq yolu ilə gedirlər. Hansıki, gözlərinin qarşısında “böyük qardaş”ları Putinin nümunəsi var. Bəli, Avtoritarların “xaç atası” sayılan Putin bu gün ən ağır ittihamlarla üz-üzə qalıb. Bir tərəfdən onun ölkədən oğurladığı milyardlar gündəmə gəlib, o biri tərəfdən Litvinenko işinə görə Putinin adı hallanır. Eyni zamanda Putinin yürütdüyü siyasətə görə Rusiyaya ağır sanksiyalar tətbiq edilib. Yəni bu gün Putin qətldə, oğurluqda ittiham olunur və bütün bunlarla bağlı faktlar ortaya qoyulur. Təbii ki, bütün bunlar kortəbii ortaya çıxmayıb və Putinin həqiqi qiymətini alması üçün aparılan məqsədli işin nəticəsidir. Bütün bunlardan sonra Putinin legitimlik qazanması, dünyada qəbul olunması və s. mümkünsüz görünür. Bəli, bu gün Putin beynəlxalq labirintdədir və bu labirintdən çıxması çətin görünür.
Məsələ burasındadır ki, ölkə başçısı Ilham Əliyev də özünü israrla Putinin labirintinə salmaqdadır. Ölkədə 100-ə yaxın siyasi məhbus var, heç bir beynəlxalq öhdəliklərə əməl olunmur, bugünə qədər ölkədə baş verən siyasi qətllərin üstü açılmayıb, ölkə başçısının sərvəti barədə beynəlxalq araşdırmalar var, hökumətin korrupsiya əməlləri zaman-zaman ortaya çıxarılır və s. Üstəlik, ölkəyə sanksiyaların tətbiq olunmasıyla bağlı qətnamə müzakirəyə çıxarılıb və yaxın günlərdə nəticə məlum olacaq.
Demək istəyirik ki, Putinə yönələn ittihamları Ilham Əliyevə doğru da yönəltmək mümkündür və bunun müəyyən əsasları da var. Ona görə də Ilham Əliyev Putinin taleyini yaşamamaq üçün ciddi addımlar atmalı, öhdəliklərə əməl etməlidir. Yəni islahedilməz olmadığını həqiqi fəaliyyətlə sübuta yetirməlidir.
Əks halda Putindən də çətin məngənəyə düşəcək. Çünki, Putinin müqavimət imkanları, gücü daha böyükdür. Müqayisədə Ilham Əliyevin “qələm”inin sındırılması daha asan görünür.
Samir