
Samir Şərifovun tövsiyyəsinə sözardı
Əminliklə demək olar ki, Azərbaycanda bank sektoruna olan etimad dəfn olunub. Ümumiyyətlə, hakimiyyətin özünün etimad limiti bitib. Insanlar o qədər yalan vədlər, həyata keçməyən qərarlar, kağız üzərində qalan qanunlar görüb ki, artıq qanadlı sözlərlə vətəndaşı inandırmaq mümkün deyil. Faktiki olaraq hökumət “manat sabit qalacaq” deməklə, vətəndaşı aldatdı, zərərə saldı. Indi milli valyuta 130 faiz dəyər itirib və manat arzulanmaz valyutaya çevrilib. Daha dəqiq desək hökumətin yarıtmaz siyasəti milli valyutanı hörmətdən saldı.
Indi hökumət əl-ayağa düşüb və vətəndaşın etimadını qazanmaq istəyir. Amma bu etimadı qazanmaq üçün heç bir real addım atılmır. Sadəcə olaraq quru təsəllilər, məsələhətlər verilir.
Xatırlayırsızsa, bir müddət əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, əhali pullarını yastıqda saxlayır. Biz də şərh vermişdik ki, Azərbaycan reallığında yastıq bankdan daha etibarlıdır. Çünki, istənilən bankı müflisləşdirmək, sıradan çıxarmaq Azərbaycanda adi bir haldır. Beynəlxalq Bank ətrafında baş verənlər də göstərdi ki, qeyri-şəffaf idarəçiliyin olduğu ölkədə heç bir sığorta yoxdur və dövlət əmlakı ata malı kimi talan edilir.
Indi isə Maliyyə naziri Samir Şərifov dilə gəlib və vətəndaşlara pulu evdə saxlamamağı tövsiyyə edib:”Hazırda dövlət və Mərkəzi Bank tərəfindən bir sıra tədbirlər görülür ki, ajiotaj aradan qalxsın və manata olan hörmət yenidən bərpa olunsun. Bunun üçün yaxın günlərdə bazara Maliyə Nazirliyi tərəfindən manat istiqrazlar buraxılacaq. Istiqrazlara qoyulan fazilər isə yüksək olacaq. Əhaliyə tövsiyə edərdim ki, manatlarını bu istiqraza qoysunlar. Böyük məbləğdə pulun evdə saxlanılması riskdir, oğru gələ bilər, yanğın ola bilər”- deyə Samir Şərifov bildirib.
Yenə də hökumət gələcək zamanda vədlər verir. Amma indiki zamanda hökumət heç bir addım atmırsa, vətəndaş niyə hökumətə inanmalıdır?
Ölkə başçısı qiymətlərin aşağı salınacağını vəd etdi. Nəticə nə oldu? Çörəkdən, undan başqa bütün məhsullar 30-40 faiz qalxıb. Monopoliyaların ləğv olunacağı vəd edildi. Amma bütün monopolistlər iş başındadır. Dollarla krediti olanlara güzəşt vəd edildi və nəticədə heç bir güzəşt olmadı. Hökumət yalnız 10 manat pensiya artırmaqla, vətəndaşı köməksiz qoydu. Üstəlik məlum oldu ki, hökumətin xırda məmuru 20 milyon dolları rahat oğurlaya bilir.
Bütün bunlardan sonra vətəndaş hökumətə necə etimad edə bilər?
Əvvəla, vətəndaşların evində artıq küllü miqdarda vəsait yoxdur. Küllü miqdarda vəsait hökumət komandasındadır. Ikincisi, evə girən oğru hökmətdən dha çox insaflıdır. Heç olmasa oğru bir dəfə girir, 5-10 dəqiqə axtarış aparır və evi tərk edir. Amma hökumət illərdi bu vətəndaşı soymaqla məşğuldu. Məmurlara məxsus banklar vətəndaşa ən yüksək faizlə kredit verir, vətəndaş həmin faizi ödəyə bilmədikdə isə mənzili, avtomobili müsadirə olunur. Bəli, oğrudan fərqli olaraq, hökumət evin içi ilə kifayətlənmir, evin özünü də aparır. Təkcə son 10 ildə ölkədən 95 milyard pul oğurlanıb ki, ölkədəki bütün oğrular 10 il ərzində bu vəsaitin 0.1 faizini oğurlaya bilməz.
Ölkəni risk vəziyyətinə salan da, ölkəni yanğın yerinə çevirən də, vətəndaşı qarət edəndə hökumətdi. Hətta Binəqədidəki yanğın da göstərdi ki, bu ölkədəki yanğınlar da hökumətin acgözlüyündən, korrupsioner mahiyyətindən doğur.
Demək istəyirik ki, manatı hörmətə mindirmək üçün əvvəlcə hakimiyyət xalqa hörmət etməli, qanunlara, fərqli fikrə sayğıyla yanaşmalı, demokratik islahatlar aparmalıdır. Vətəndaşı hər gün bir az da hörmətdən salıb, dövlətin imicini ləkələyib, milli valyutaya necə hörmət artımaq olar?
Vətəndaşa “pulunuzu oğurlayarlar, manatınızı bizə etibar edin” deməklə, məsələ həll olunmaz. Məmurlar oğurladıqları milyardları yerinə qoysun, sonra vətəndaşı az miqdarda pulunu hökumətə etibar edər.
Bir sözlə, oğurluğun, yanğının mənbəyi bəli olduğuna görə vətəndaş pulunu yastıqda saxlamağı daha üstün tutur.