
5 minə qədər krediti olanlara güzəşt edilməyəcək
Hökumət yenə də xalqı aldatdı. Təbii ki, bu hökumətin xalqa yönəlik addımlar atmasını, real islhatlar aparmasını düşünmək sadəlövhlükdür. Amma nə etmək olar ki, ümid axırda ölür. Hökumət də bunu başa düşdüyü üçün həmişə xalqa boş ümidlər verir. Xatırlayırsızısa, bir müddət əvvəl şaiyə buraxdılar ki, kredit borcları bağışlanacaq. Bir müddətdən sonra məlum oldu ki, yayılan məlumatın heç bir əsası yoxdur.
Daha sonra birinci devalvasiya baş verdi və devalvasiyadan dəyən zərərin dövlət hesabına ödəniləcəyi bildirildi. Amma Konstitusiya Məhkəməsi xalqın gözləntisini boşa çıxartdı. Bunun ardınca 10 minə qədər olan kredit borclarına güzəşt ediləcəyi bildirildi. Amma bu “qoz”un da içi boş çıxdı. Sonuncu devalvasiyadan sonra isə əhali arasında ciddi narazılıq yarandı, müxtəlif bölgələrdə etiraz aksiyaları oldu və hökumətdən müəyyən addımlar atmaq tələb edildi. Bu dəfə də hökumət belə bir şaiyə buraxdı ki, 5 minə qədər kredit borcu olan adamlara güzəşt edilməsi məsələsi qərara alınıb. Amma Maliyyə naziri Samir Şərifovun açıqlaması bu gözləntinin də mənasız olduğunu göstərdi: “Əhalinin 5 min manatadək olan kreditlərinə hökümət tərəfindən güzəşt edilmə məsələsi qərara alınsa belə, bu yaxşıca yoxlanılmalıdır. Hesab edirəm ki, hökumət tərəfindən böyük bir addım artıq atılıb. Bu addımlardan ən əsası, dövlət başçısının insanların banklara yerləşdirdiyi əmanətlərlə bağlı idi. Yəni, əgər bank bağlansa dövlət söz verir ki, yüz faiz, vətəndaşın qoyduğu əmanətin məbləği ona qaytarılacaq” – deyə Samir Şərifov bildirib.
Göründüyü kimi sağa-sola milyardlar xərcləyən hökumət xalq üçün heç bir addım atmaq istəmir. Hansıki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirmişdi ki, 5 minə qədər olan kreditlərin köhnə faizlə ödənilməsi üçün 250 milyon tələb olunur. Yəni, hökumət bu güzəşti təmin etsə 250 milyon dollar xərcləmiş olacaq. Amma xalq üçün bu 250 milyon dolları qıymadılar.
Necə olur ki, Formula-1 yarışlarına 150 milyon xərcləyə bilirlər, amma borc içində üzən vətəndaşlara 250 milyon qıymırlar? Necə olur ki, səhmlərin 50 faizi dövlətə məxsus olan Beynəlxalq Banka 600 milyon pul verilir, amma ağır faizlər altında inləyən xalqa 250 milyon verilmir?
SOCAR-ın məsul şəxsi ölkədən 20 milyon oğurlaya bilir, amma vətəndaşa 250 milyon çox görülür.
Olimpiya stadionunun tikintisinə 640 milyon xərcləyəndə, “Gül bayramı”na 10 milyonlar sərf olunanda heç kimin yoxlama aparmaq yadına düşmür, amma vətəndaşa güzəşt məsələsi gündəmə gələndə “ciddi yoxlamaq lazımdır” arqumenti peyda olur.
Beləliklə, hökumət növbəti dəfə vətəndaşa qısa müddətli təsəlli verdi və sonra da “get borcunu ödə” qərarına gəldi. Həmişəki kimi bütün məqsədləri vətəndaşı ağır vəziyyətə adaptasiya eləməkdir. Sadəcə olaraq vaxt udurlar ki, insanlar reallıqla barışsın.
İlham