
ATƏT PA ilə əməkdaşlıq davam etdiriləcək
Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin yeni tərkibi məlum olub.
Trend-in məlumatına görə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, tərkibə dörd yeni nümayəndə daxil edilib: “Bunlar yeni seçilmiş millət vəkilləri Ülviyyə Ağayeva, Kamran Nəbizadə, Tahir Mirkişili və Elşad Həsənovdur”.
Qeyd edək ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin tərkibinə altı millət vəkili daxildir. Digər iki nümayəndə Milli Məclisin vitse-spikeri Bahar Muradova və millət vəkili Azay Quliyevdir.
Bahar Muradova həmçinin bildirib ki, Azərbaycan ATƏT ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
O, qeyd edib ki, Azərbaycanla ATƏT-in Parlament Assambleyası arasında heç bir problem yoxdur: “Biz Azərbaycan tərəfi olaraq ATƏT ilə münasibətlərə hər zaman önəm vermişik. Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti yalnız həmin təşkilatlar üçün deyil, Azərbaycan üçün də vacibdir. Buna görə də biz ATƏT ilə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik. Düzdür, ATƏT PA-dan Azərbaycanda parlament seçkilərini müşahidə etməyə gəlmədilər, lakin ATƏT PA ilə Azərbaycan arasında heç bir problem yoxdur”.
Vitse-spiker Azərbaycanın da öz mövqeyini bildirdiyini deyib: “Amma bu bir siyasətdir, münasibətlərdə enmələr də, qalxmalar da olur. Əməkdaşlığa mane olan məsələlər nədirsə, onu açıq şəkildə vurğulamaq lazımdır”.
Maraqlıdır ki, bir müddət əvvəl Azərbaycan hakimiyyəti ATƏT PA-nı ittiham edirdi. Hətta bu qurumla əməkdaşlığa son veriləcəyi bildirilirdi. ATƏT-in Bakı ofisi Azərbaycanda fəaliyyəti dayandırdı. Görünür, sanksiyalar məsələsinin gündəmə gəlməsi, həmçinin maliyyə böhranına görə ölkədə gərginliyin yaranması hakimiyyəti geri çəkilmək məcburiyyəti qarşısında qoyub.