Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Daha iki rayonda aksiya hazırlığı başladı

13-01-2016, 10:47   



İmişli və Zərdabda bahalaşmaya əleyhinə etirazların keçiriləcəyi gözlənilir, Füzulidə isə narazılığın genişləndiyinə dair məlumatlar var

Son devalivasiyadan sonra ölkəni ağuşuna almış bahalığı önləyə bilməyən hökumət artıq əhalinin etirazları ilə üz-üzə qalıb. JAM.AZ xəbər verir ki, dünən Siyəzən, Lənkəran, Beyləqan, Ağcabədi və Füzuli rayonlarında insanların etiraz aksiyaları təşkil etməsindən sonra prosesin digər məntəqələrə də sıçrayacağı proqnozlaşdırılırdı.

İmişli

Gələn xəbərlərə görə, artıq etirazlar daha bir neçə rayonda təzahür edə bilər. JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən xəbər verir ki, İmişli rayonunda da bahalaşma əleyhinə etiraz aksiyası təşkil olunacaq. Prosesin bu gün İcra Hakimiyyətinin binası qarşısında baş tutacağı deyilir. Həmin məlumata görə, rayon sakinləri icra başçısından bahalaşmanın qarşısının alınmasını tələb edəcəklər.

Zərdab

Bir başqa xəbər isə Zərdabdan gəlib. JAM.AZ-a göndərilən məlumatda deyilir ki, artıq rayonda bahalaşmayla bağlı narazılıq edənlərin sayı artmağa başlayıb. Üstəlik, digər rayonlarda baş verənlər də onların hərəkətlənməsi üçün stimul rolunu oynayıb. Mənbə iddia edir ki, bu gün rayonun mərkəzində etiraz aksiyasının keçiriləcəyi gözlənilir.

Füzuli

Bu əsnada, Füzuli rayonunda aksiya keçirən sakinləri dağıtmaq mümkün olmayıb. JAM.AZ-a çatan məlumata görə, 500-ə yaxın insan gecəni meydanda gecələməyi qərarlaşdırıb. İri tonqallar qalanıb.

Həmin xəbərlərə görə, icra başçısı Alı Alıyevin və polis rəisinin rayondan çıxıb getməsini tələb edən etirazçılara qoşulanların da sayı artmaqdadır. JAM.AZ-a daxil olan məlumatlarda vurğulanır ki, artıq Horadiz qəsəbəsinin sakinləri də aksiyaçılara dəstək olaraq, bu gün etirazlarını bildirməyə hazırlaşır.

Yazıda adları keçən rayonların rəsmi qurumlarının mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar