Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiyaya qarşı “Türk təhlükəsizlik kəməri” – Bakı həssas nöqtədə...

7-12-2015, 09:43   
Rusiyaya qarşı “Türk təhlükəsizlik kəməri” – Bakı həssas nöqtədə...

Kremlin davamlı hədələri Türkiyəni təcili şəkildə kontur-tədbirlər görmək və çevik diplomatiya aparmaq zorunda qoyub; Əhməd Davudoğlunun Azərbaycan səfərindən dərhal sonra Ərdoğanın Türkmənistana yollanmasının pərdəarxası; Bakı yeni risklərdən yayına bilər, əgər...
“Su-24" təyyarəsinin vurulması ilə bağlı insidentə görə Rusiya və Türkiyə arasında münasibətlər gərgin olaraq qalır. Daha çox da Kreml rəsmilərinin, öncəliklə prezident Vladimir Putinin kompromissiz mövqeyi, davakar və aşağılayıcı ritorikası nəticəsində situasiyanın yumşalması müşahidə edilmir. Doğrudur, iki ölkə arasında diplomatik əlaqələr qalır, səfirlər geri çağırılmayıb. Ancaq diplomatik münasibətlər indi faktiki olaraq, yox səviyyəsindədir.

Müşahidə edilən digər mühüm məqam budur ki, Türkiyə iqtidarı qarşılıqlı sanksiyalardan maksimum qaçmağa səy edir. Çünki Rusiya hökumətindən fərqli olaraq yaxın və orta perspektivdə bunun hər iki tərəfə zərərli olacağının fərqindədir. Ankara eyni zamanda durumu bir az da ağırlaşdırmamaq naminə Kremlə ünvanlı birtərəfli jestlərini davam etdirir.

Məsələn, Rusiya yanvarın 1-dən Türkiyə vətəndaşlarına qarşı vizalı rejimi bərpa etmək qərarına gəlsə də Ankara Rusiya vətəndaşlarına münasibətdə analoji əks-addım atmağa hazırlaşmır. Üstəlik, o, Moskvanı bütün ikitərəfli əlaqə kanallarını açıq saxlamağa çağırır. Baş nazir Əhməd Davudoğlu Bakıda bu mövqeyi növbəti dəfə ortaya qoydu, Moskvanı praqmatik olmağa və problemləri üzbəüz, masa ətrafında müzakirə eləməyə səslədi.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə onun rusiyalı həmkarı Sergey Lavrov arasında birincinin təşəbbüsü ilə ötən həftə Belqradda baş tutan görüş də qardaş ölkənin Rusiya ilə bütün sahələr üzrə əlaqələri saxlamaq istəyinin təzahürü idi. Bu görüş “Su-24" olayından sonra ilk dəfə yüksək səviyyədə reallaşan təmas kimi yadda qaldı.

***
Lakin görünür, qardaş ölkənin bu qəbilədən ciddi xoşməramlı addımları, “əl uzatmaları” da Rusiyanın aqressiv mövqeyindən çəkilməsi üçün yetərli deyil. Putinin keçən həftəsonu Federasiya Şurasına etdiyi müraciət zamanı Türkiyəni yenidən hədələməsi, “Əgər onlar düşünürsə ki, pomidorla, hansısa tikinti sektorunda məhdudiyyətlərlə canlarını qurtaracaqlar, möhkəm yanılırlar” deməsi, “Biz nə edəcəyimizi yaxşı bilirik”, “Onları hələ çox peşman edəcəyik” tipli həqarətli ifadələri qənaətimizə sübutdur.



Putin çıxışında belə bir hədələyici ifadə də işlətdi ki, “Cavabımızı başqa yollarla da verəcəyik”. Belə çıxır ki, Rusiya qardaş ölkəyə qarşı arxadan zərbə tipli qəfil pisliklərə də imza ata bilər. Bəzi analitiklərə görə, bu məqsədlə Rusiyanın PKK-ya, kürd separatçılarına dəstəyi gücləndirməsi, qaz təchizatında Ankaraya ciddi problemlər yaradacağı istisna olunmur.

***
Əlbəttə ki, Ankara Kremlin yaradacağı mümkün fors-major situasiyaları ciddiyə alır. Prezident Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Qətər Əmirliyinə etdiyi səfər çərçivəsində iki ölkə arasında ilkin qaz anlaşmasının imzalanması, ardınca baş nazir Əhməd Davudoğlunun kifayət qədər uğurlu Bakı ziyarəti və TANAP ətrafında aparılan müzakirələr Türkiyənin bu yöndə artıq preventiv tədbirlərə start verdiyini göstərir.

Qeyd edək ki, Əhməd Davudoğlunun Bakı səfərindən az sonra (dekabrın 11-i) prezident Ərdoğan Türkmənistana gedəcək. Orta Asiyada türkdilli Qazaxıstanın yox, məhz Türkmənistanın seçilməsi də sözsüz ki, qaz məsələsi və transxəzər qaz kəmərləri, habelə Türkiyənin enerji təhlükəsizliyini daha zəmanətli eləmək planları ilə bağlıdır.




“Türkiyə özünə başqa neft-qaz təchizatçıları da tapa, Rusiyasız keçinə bilər”. Bunu prezident Rəcəb Tayyib Ərdoğan yerli telekanallardan birində çıxışı zamanı söyləyib.

“Türkiyənin enerji sahəsində bir ölkədən asılılığının qarşısını almaq üçün ciddi addımlar atılır”. Bu sözləri isə Əhməd Davudoğlu Azərbaycandan qayıtdıqdan sonra təyyarədə jurnalistlərə bildirib.

Baş nazir ardınca deyib: “Prezident İlham Əliyevlə TANAP layihəsinin mümkün qədər tez həyata keçirilməsəni müzakirə etdik. Bu layihə çərçivəsində daşınacaq 16 milyard kubometr qazdan 6 milyardı Türkiyənin payına düşəcək. Ancaq ehtiyac olduğu hallarda bu faiz nisbəti dəyişə bilər”.



Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatını enerji sahəsindəki mənfi təsirlərdən qorumaq üçün hazırlıq işləri sürətlə davam edir. Bir daha embarqo məsələsinə toxunan Davudoğlu Moskvaya xatırladıb ki, sanksiyalar elə məsələdir ki, bir gün onu tətbiq edən ölkənin özünə zərər verir: “Məsələn, Türkiyə olaraq, Rusiya və İrana qarşı tətbiq olunan sanksiyalara dəstək vermədik. Çünki hesab edirik ki, iqtisadi embarqo fayda vermir”.

***
Türkiyənin Rusiyadan 55%-lik qaz asılılığının azalmasında şübhəsiz ki, ABŞ başda olmaqla Qərb də maraqlıdır. Hər halda təcrübədən məlumdur ki, Ankaranın Kremldən energetik asılılığı Rusiyaya qarşı iqtisadi sanksiyaların effektini azaldır. İndi fürsətdir ki, Qərb, necə deyərlər, “Türkiyəni öz yanına qaytarmaq” üçün hərəkətə keçsin və Türkmənistandan başlanğıc götürən “türk təhlükəsizlik kəməri”nə praktik dəstək versin.

Rusiya təhlükəsinə qarşı “türk təhlükəsizlik kəməri”ndə isə Azərbaycan mərkəzi mövqe tutur. Bu amil ölkəmizin Türkiyə və Qərb üçün strateji, energetik və geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, Moskva qarşısında rəsmi Bakıya müəyyən yeni risklər də yaradır. Şəksiz ki, Putinin son müraciətində Türkiyəyə ünvanlı hədələrindən müəyyən dozada Azərbaycana da pay düşür.

Söhbət həm də Kremlin Xəzər akvatoriyasında mütəmadi güc nümayişindən (gələn il Rusiya Xəzər dənizində 20-yə yaxın iri hərbi təlim keçirməyi planlaşdırır) və transxəzər qaz kəmərinə yaradacağı potensial təhlükələrdən gedir. Moskva buna dəfələrlə işarə vurub: məsələn, Xəzərdəki Rusiya gəmilərindən guya İŞİD mövqelərinə qanadlı raketlərin atılması həm də sahilyanı iri qaz ölkələri kimi Azərbaycan və Türkmənistana ünvanlı şantaj, hədə idi. Ondan qabaq isə Rusiya XİN rəsmisi transxəzər qaz layihəsinin reallaşması uçun bütün sahilyanı ölkələrin razılığının alınmalı olduğunu bildirmişdi.



Ancaq bir məsəldə deyildiyi kimi, “Uçmaq istəməyəndən qartal olmur”. Ayrı sözlə, yəqin ki, Aşqabad və Bakı yeni çətinlikləri də göz altına alıb. Azərbaycan prezidenti İlham Əliyevin Bakıda Davudoğlu ilə görüşdən sonra söylədiyi “Azərbaycanla Türkiyə bütün məsələlərdə bir yerdədir” bəyanatı, həmçinin, görüş çərçivəsində faktiki surətdə “Türk layihəsi” olan TANAP-ın inşasını sürətləndirmək qərarının verilməsi bu xüsusda böyük önəm daşıyır.

***
Bütün hallarda bu kimi layihələrin uğurla reallaşması önündə dayanan Rusiya təhdidlərini və təxribatlarını neytrallaşdırmaq üçün ABŞ-ın, Qərbin sanballı dəstəyinə ehtiyac var. Çünki Rusiyanı hazırda ən çox çəkindirən güc məhz Qərbdir, NATO-dur. Necə, hansı üsullarla? Bu, artıq Qərb strateqlərinin işidir. Bir şey dəqiqidir və yuxarıda da vurğulandı ki, Rusiyanı durdurmaq - ABŞ və Avropa Birliyinin də strateji mənafeyinə cavab verir.

Beləcə, milli maraqlar, qardaş Türkiyə ilə tale oraqlığı və vəfa borcu Azərbaycanı Qərblə təzədən yaxınlaşmaq, eyni səfdə yer almaq zorunda qoymaqdadır. Energetik bağlılıq isə siyasi və digər bağları möhkəmlətməyi diktə edir. Bölgə ətrafında cərəyan edən və sürətlənən başqa prosesləri də nəzərə alsaq, demək olar ki, 2016 - bir çox parametrlər üzrə böyük ehtimalla, təlatümlü və həlledici bir il olacaq.

Analitik xidmət/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar