“Ümumiyyətlə, hərbi qulluqçular müharibə, yaxud qeyri-müharibə şəraitində əsir düşdüyü halda beynəlxalq təşkilatların prosesdə iştirakı həyata keçirilir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
O, aprelin 10-da Azərbaycan ordusunun Şahbuz istiqamətində itkin düşən 2 hərbçisinin yekun taleyi və onların Azərbaycana qaytarılma proseslərindən söz açıb.
R.Məmmədliyə görə, digər tərəfdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilat əsir düşən tərəfdə monitorinq aparmalı, müraciət etməli və sorğu göndərməlidir:
“Beləliklə, alınan məlumatlar əsasında əsir düşən tərəfin hərbi qulluqçusunun dəyişdirilməsi prosesi başlayır.
Əlbəttə ki, bu dəyişdirilmə prosesi birdən-birə həyata keçirilmir. Əvvəlcə, tərəflər bir-birinə müəyyən şərtlər irəli sürürlər. Bu proses boyunca da bu missiyanı beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi və ya BMT-nin humanitar məsələlərlə məşğul olan digər təşkilatlarından biri həyata keçirir. Bundan başqa, hansısa sülhməramlı kontingentin də burada fəaliyyəti mümkündür”.
Mütəxəssis əlavə edib ki, bundan sonra həmin hərbi qulluqçunun psixoloji durumu və səhhəti müəyyənləşdirilir:
“Ən sonda isə əsir düşən şəxsin özü ilə fərdi söhbət aparılır. Suallar isə təxminən belədir ki, sən doğulduğun və xidmət etdiyin ölkəyə qayıtmaq istəyirsənmi? Məsələn, əsir düşən Azərbaycan Ordusunun hərbi qulluqçusunun geri qaytarılması prosesi təkcə Azərbaycan tərəfinin istəyi ilə həyata keçirilmir. Burada hərbi qulluqçunun özünün də istəyi olmalı və rəsmi şəkildə müraciət etməlidir. Ola bilər ki, əsir düşən şəxs üçüncü ölkəyə getməsi ilə bağlı müraciət etsin. Bu prosesin məxfiliyinin təmin olunması və onun həyata keçirilməsi həmin ölkədən xahiş olunur”.
“Belə hallar baş verir. Azərbaycan da Ermənistan ordusunun hərbi qulluqçularının üçüncü ölkəyə keçirilməsi prosesini təşkil edib. Digər ölkələrdə də belə hallar baş verib. Bu, normal bir şeydir. Lakin həm hərbi qulluqçunun özü, həm də mənsub olduğu ölkə bunu istəməlidir. Yəni biri geri qayıtmasını, digəri də onun əsirlikdən alınmasını istəməli və tələb etməlidir”, - yekunlaşdırıb.