Maqnit qasırğaları Günəşdə baş verən partlayışlar nəticəsində Yerin maqnit sahəsində pozuntuların yaranmasıdır.
Zaman-zaman baş verən bu dalğalanmalar rabitə sistemlərinin işinə, eləcə də insan sağlamlığına mənfi təsir göstərir.
Mütəxəssislərin fikrincə, maqnit dalğasında kiçik bir artım belə sağlamlığa təsir edə bilər.
Milli Hidrometeorologiya Xidmətinin açıqlaması maqnit qasırğasının baş verməsini göstərir.
Bir çoxları isə ölkəmizdə son zamanlar artan qəfil ölümləri maqnit qasırğaları ilə əlaqələndirir. İddialara görə, maqnit qasırğası yüksək qan təzyiqi, şəkər, insult və ürək-damar sistemi xəstəlikləri olan insanlara daha çox mənfi təsir edir və bu da qəfil ölümlə nəticələnir.
Bəs bu iddiaları nə dərəcədə həqiqət hesab etmək olar?
Tibb sahəsi üzrə ekpsert Rasif Bağırov Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində elə informasiyaların KİV-də yayılması düzgün deyil:
"Çünki heç bir xəstəliyi olmayan insanlar eşidəndə ki, maqnit qasırğası olacaq, bunun mənfi təsirləri də gözlənilir, o zaman proses başlamadan öncə həmin şəxslər xəstələnirlər.
Əslində, informasiya ilə insanları belə psixoloji vəziyyətə salırlar. Bu kimi xəbərlərdən də sonra əsəb xəstələrində mənfi təsirlər görünür. Bu günə kimi tibb elmində elə bir məlumata rast gəliməyib ki, maqnit qasırğasından filan qədər adam ölüb. Onu əsas gətirib insanların pisixoloji durumunu pozmaq düzgün deyil".
Onun sözlərinə görə, maqnit qasırğası müəyyən qədər yüngül təsirlər edə bilər:
"Təbiətdə baş verən istənilən hadisənin canlılara təsiri var, amma bunların hamısı insan üçün ölümcül deyil. Qəfil ölümləri də bununla bağlamaq çətin prosesdir. Çünki insanda daxildə o qədər problemlər ola bilər ki, bu, qəfil ölüm yaratsın. İnsanın da təsadüfən həmin günü ölməsi o demək deyil ki, maqnit qasırğasından öldü. Bu informasiyalar əslində qadağan olunmalıdır. Bu maqnit qasırğalarının insan həyatına mənfi təsiri yoxdur, hamı rahat həyatını yaşasın".
Naibə
Cebhe.info