Azərbaycan 2020-ci ildə koronavirus pandemiyası ilə mübarizə məqsədilə quru sərhədlərini bağlayıb.
COVID-19 infeksiyasına yoluxma halları azaldıqca mərhələli şəkildə bir çox karantin qaydaları ləğv edilib. Ümumilikdə isə bir çox məhdudiyyətlər aradan götürülməklə Nazirlər Kabinetinin qərarı ilə ölkədə xüsusi karantin rejimi 2023-cü il may ayının 1-dək uzadılıb. Hər dəfə qadağalar götürüldükcə, quru sərhədlərə qoyulan məhdudiyyətlərin də ləğv ediləcəyi gözlənilir.
Lakin ölkəyə quru sərhədlər vasitəsilə giriş-çıxışın nə zaman bərpa olacağı məlum deyil. Ötən həftə Gürcüstana məxsus teleqram kanalları may ayının 1-dən etibarən Azərbaycanla quru sərhədlərin açılacağını yayıb. Bununla bağlı Azərbaycan tərəfindən hələlik rəsmi mövqe yoxdur. Buna baxmayaraq, bəzi turizm şirkətləri sosial şəbəkələrdə may və iyun ayları üçün avtobusla Gürcüstana turlar təşkil etdiklərini və tur barədə ətraflı məlumat paylaşırlar.
Sosial şəbəkə istifadəçiləri bu paylaşımlara birmənalı yanaşmayıb, quru sərhədlərin açılacağı barədə dəqiq məlumata malik olmaq istəyirlər. Bu məlumat öz təsdiqini tapa bilərmi? Mayın 1-də bütün qonşu ölkələrlə quru sərhədləri açılacaq?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirli deyib ki, may ayının 1-dən karantin rejiminin ləğvi istisna edilmir:
“Bütün dünya istisnasız olaraq postpandemiya dövrü reallıqlarını müzakirə edir, postpandemiya dövründə atılacaq addımların istiqamətlərini təyin edir. Bu reallıqdır ki, artıq pandemiyaya əlvida deyə bilərik. 2019-cu ildən indiyə qədər bütün dünyanı məngənəsinə almış bu bəla ilə mübarizə yekunlaşır. May ayının 1-ə qədər karantin rejimi davam edir. Əslində, karantin rejiminə daxil olan məhdudiyyətlərin mütləq əksəriyyəti ləğv edilib. İstisna edilmir ki, may ayının 1-dən ümumiyyətlə, karantin rejimi birdəfəlik ləğv edilsin. Karantin rejiminin bu günə kimi öz qüvvəsində saxladığı əsas məsələlərdən biri quru sərhədlərin bağlı olmasıdır. Ümid edirik ki, 1 may tarixində tamamilə karantin rejimindən imtina ediləcəyi təqdirdə quru sərhədlərin açılması məsələsi də öz həllini tapacaq. Bunun müəyyən əlamətləri də var”.
Milli Məclisin üzvü bildirib ki, Gürcüstanla Azərbaycan quru sərhədlərinin açılması ən aktual məsələlərdən biridir:
“Bu, hər iki dövlətin milli maraqlarına xidmət edir. Gürcüstan və Azərbaycan dost dövlət, strateji tərəfdaşlardır. Bu məntiqlə çıxış edərək belə bir addımın atılması gözləniləndir. Bu, həm də hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir, əhalinin dolanışığı, rifahını özündə ehtiva edən məsələdir. Mən inanmaq istərdim ki, may ayının 1-dən bu proses artıq işə düşəcək. Mən də mətbuatdakı məlumatları oxumuşam, sosial şəbəkələrdən belə informasiya eşitmişik ki, artıq iki dövlət arasında turizm tərəfdaşlığı istiqamətində may ayından başlayaraq konkret addımlar atılması gözlənilir. Belə olan vəziyyətdə bütün arqumentlər ona gətirib çıxarır ki, may ayının 1-dən quru yollarının açılması labüd hal ala bilər, biz buna inanırıq və yəqin ki, belə də olacaq”.
Elman Nəsirli digər qonşu ölkələrlə quru sərhədlərin açılması məsələsində iqtisadi maraqlarla yanaşı, digər məsələlərin də nəzərdən keçirilməli olduğunu vurğulayıb:
“Gürcüstanla quru sərhədlərin açılması ilk növbədə reallaşdırılacaq məsələ kimi nəzərdən keçirilir. Eyni zamanda, digər qonşu ölkələrlə də quru sərhədin açılması istisna deyil. Burada müəyyən mənada risklər məsələsi, geosiyasi reallıqlar də nəzərdən keçirilməlidir. Bu və ya digər ölkələrlə sərhədlərin açılması prosesini həyata keçirərkən təkcə iqtisadi maraqlar üzərində köklənmək olmaz. Burada digər geosiyasi maraqlar, mümkün risklər, çağırışlar, təhlüklər kompleks şəkildə nəzərdən keçirilib, qonşularla bağlı sərhədlərin açılması məsələsi haqqında qərar verilməsi ən düzgün addımdır”.
Günay Şahmar
Cebhe.info