“Azərbaycanda günahsız olaraq həbs edilən insanların cinayət işlərinə fərdi yanaşmaq lazımdır. Yəni hansı cinayət işi obyektiv araşdırılıb, hansı yox, hansında yanlış qərar verilib və s”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış hüquq müdafiəçisi Ələsgər Əhmədoğlu deyib.
O, uzun illər həbsə yatdıqdan sonra günahsızlığı təsdiqlənən insanlara qarşı həyata keçirilən tədbirlərdən və onun növlərindən söz açıb.
Ə. Əhmədoğluya görə, bu kimi qərarlar xüsusən amerikan sistemində baş verir:
“Çünki orada andlılar məhkəmə sistemi var və o da bəzən mülahizələrə görə qərar verir. Amma Azərbaycanda buna bənzər nəticə ReAl Partiyasının sədri İlqar Məmmədovun işində baş verib. O, 7 ildən çox həbs cəzasına məhkum olunmuşdu və 5 ildən çox da həbs yatdı. Avropa Məhkəməsinin qərarından sonra Azərbaycan Ali Məhkəməsi o işə yenidən baxdı və İlqar Məmmədovun həbsdə yatdığı hər gün üçün 100 manat olmaqla 200 min manata yaxın kompensasiya ona ödənildi”.
Hüquqşünas xatırladıb ki, digər bir iş insan hüquqları müdafiəçisi Rəsul Cəfərovun işində olub:
“Ona qarşı da cinayət işi açıldı və o, 6 il 6 ay həbs olunaraq, bir müddət həbsdə yatdı. Avropa Məhkəməsi onun da həbsini qanunsuz hesab etdi, daha sonra Ali Məhkəmə onu yenidən mühakimə etdi və Rəsul Cəfərova bəraət verdi. Bəraətdən sonra ona 50 mindən çox kompensasiya ödənildi. Belə hadisələr Azərbaycanda da olub.
Lakin bundan əlavə, bəzi işlər var ki, Avropa Məhkəməsi bununla bağlı qərar verib ki, təməl hüquqlardan hansısa pozulub. Onların bir çoxu ilə əlaqədar isə Avropa Məhkəməsinin müəyyən etdiyi kompensasiyalar ödənilir. Ali Məhkəmə isə burada işə yenidən baxıb qərar vermir. Bu tip gözləyən qərarlar da var. Məsələn, Xədicə İsmayıl və İntiqam Əliyev işləri var ki, Ali Məhkəmə bunlara təkrar baxmalı və onların bəraəti ilə bağlı qərar verdikdən sonra yəqin ki, kompensasiya da verəcək”.
Müsahibimiz söyləyib ki, bu kimi işlərdə ən əsas məsələ kompensasiyaların təyin edilməsidir:
“Ona görə ki, bunun ayrı cür alternativi yoxdur. Əgər insanı azadlıqdan məhrum ediblərsə, içəridə bir neçə il yatıb illəri gedibsə, bunun başqa cür bərpası yoxdur. Gəl, sənə əlavə 10 il də ömür biçirəm, deyəcək bir şey yoxdur.
Təbii ki, bu, onun tam əvəzi deyil. Kiməsə seçim versələr ki, sənə 5 il içəridə iş verək, çıxanda da 5 milyon, çox adam deyər ki, azadlıqda qalmağım 5 milyondan daha üstündür. Lakin bu kompensasiyalar şərtidir və tam qarşılığı ola bilməz. İnanmıram ki, insanın orada çəkdiyi mənəvi əzab və düşüncənin hansısa maddi qarşılığı olsun. Bu, sadəcə təskinlik məsələsidir”.
Rafi MÜSLÜMOV