Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xocalı sakini dəhşət saçan anlardan danışdı: "Meyitlərin arasında başı kəsilmiş, qolu, qıçı..."

25-02-2023, 13:46   


Xocalı sakini dəhşət saçan anlardan danışdı: "Meyitlərin arasında başı kəsilmiş, qolu, qıçı..."

Fevral ayı azərbaycanlıların yaddaşında Xocalı faciəsi ilə qalıb. 

İllər keçsə, nəsil yenilənsə belə, bu həqiqəti dəyişməyə heç bir hadisənin gücü çatmaz.

31 ildir azərbaycanlılar Xocalı faciəsinin ağrısı, acısı ilə yaşayırlar. O dəhşətli gecədən geriyə yandırılmış şəhər, öldürüləndən sonra belə təhqirə məruz qalmış cəsədlər, yaralanmış, ən yaxınını itirmiş nisgili insanlar qaldı.

Xatırladaq ki, 1992-ci il fevralın 25-i gecə keçmiş Sovet qoşunlarının 366-cı motoatıcı alayının hərbi texnikası şəhərin ətrafında döyüş mövqelərinə gətirildilər. İki saat ərzində tank, "BTR" və “Alazan” sistemli texnikalardan atışma getdi. Bundan sonra erməni silahlı qüvvələrinin bölmələri Xocalını ələ keçirdilər.

Qətliam nəticəsində 613 nəfər həlak oldu. 8 ailə tamamilə yer üzündən silindi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə gecəsi 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi haqda hələ də məlumat yoxdur.

O gecə niyə yaşandı? Onların günahı nə idi? Bununla nə demək istəyirdilər? Çoxumuzun beynində bu cür cavabını bilmədiyimiz suallar qalmaqdadır. 

Axı niyə xocalılar?!

Xocalı faciəsində həyat yoldaşını itirən, o günlərin şahidi Xocalı sakini Pərvanə Məmmədova ağrılı xatirələrini Cebhe.info-ya danışıb.

"Çox cavabını tapmadığımız suallar var, axı niyə xocalılar?! Bizim Xocalıda çox gözəl ailəmiz, həmçinin gözəl günlərimiz vardı. Əslən Xocalıdanıq, yəni yaxın kəndlərdə vaxtilə Ermənistandan köçürülmüş qaçqınlar və Axısqa (Mesxeti) türkləri də vardı. Biz Xocalı şəhərinin özündə yaşayırdıq, gözəl şəraitimiz, gözəl ev-eşiyimiz vardı. Həmin vaxt hamilə idim, atam qoymadı Xocalıda qalım. 1991-ci ilin dekabr ayında oradan çıxdım və yanvarın biri balaca övladım dünyaya gəldi. Mənim 28, yoldaşımın 35 yaşı vardı. Mən Bərdə rayonunda idim, bir gün qardaşım gəlib dedi ki, bəs deyirlər ki, Xocalını yerlə-yeksan ediblər. Onda da televizorda dedilər ki, cəmi iki nəfər ölüb. Sonra Ağdama getdik. Orada nələr gördük, nələr vardı".

Atam bir-bir meyitlərin açıb üzünə baxırdı ki, bəlkə...

"Ağdama itkinlərimizi axtarmağa getdik, amma heç birini tapmadıq. Qayınlarım burada Bakıda yaşayırdılar, onlar 10 gün bizdə atamgildə qaldılar, hər gün Ağdama gedib axtardılar. Təəssüf ki, nə ölü, nə diri tapmadıq. Meyitlər ora gətirilirdi, ayaqyalın, başıaçıq qaçıb gələnlər vardı. Meyitlərin arasında başı kəsilmiş, qolu, qıçı yox vəziyyətdə olanlar vardı. Atam da bizlə getmişdi, atam məscidin içərisində bir-bir meyitlərə baxırdı ki, bizimkiləri tanısın. Deyir orada neçə gəncin başını kəsmişdilər, heç bir şey yox idi".

Altı şəhidimizdən birinin məzarı yoxdur...

"Bizim 6 şəhidimiz var. Tamamilə məhv edilən 8 ailənin biri mənim qaynımın ailəsidir. Yoldaşım, Məmmədov Oqtay Şükür 35 yaşında şəhid oldu. 3 övladı qaldı, heç balaca övladının üzünü görməmişdi. Qaynım Məmmədov Vaqif, həyat yoldaşı Məmmədova Asilə və onların 3 övladı, Məmmədov Azər 18 yaşında, Məmmdov Ceyhun 16 yaşında, Məmmədov Niyaməddin 14 yaşında bunların nə meyitləri, nə də özləri tapılmadı. Ailəmdən altı şəhiddən birinin məzarı yoxdur. Altı nəvəm var, bugünkü gün istəyərəm ki, gedib onların qəbirlərini ziyarət edim, amma yoxdular. Nə ölüləri gəldi, nə diriləri".

Balaca oğlum məktəbdə uşaqlardan kənarda dururdu...

"Balaca oğlum heç atasının üzünü görmədi. Böyük uşaqlar danışanda o deyirdi ki, mən də atamla filan şeyi eləmişəm. Amma o bilmirdi ki, ata nədir, ata nəvazişi necə olur. O deyir ki, mənim sinif yoldaşlarım məktəbdə atalarından danışanda mən qırağa çəkilib, onlardan aralı dururdum, çəkinirdim. Kaş atam olaydı, mən də onlarla bərabər danışaydım. Allah erməninin bəlasını versin, erməni biz xocalılara zülüm eləyib".

Həyatdan küsmüş insanlarıq...

"Heyif o günlərimizdən, 28 yaşında bütün həyatım məhv olubdur. O yaşda camaat ailə qurur, xoş günlər görür, amma 28 yaşımda mənim qara günlərim başladı. Necə yaşamışıq, nə cür olmuşuq bilmirəm. 28 yaşında evin dağıla, həyat yoldaşın şəhid ola, bir kibrit çöpün olmaya.

Bu faciə bütün xocalılarda sağalmayan elə iz qoyub. Bu, bizim hər vaxt yadımızdadır, amma fevral ayı gələndə elə bilirik ki, o qara günlərimiz təzələnir. O faciəni heç vaxt unutmaq olmaz, o qədər pis günlər idi ki. 

Nə cavan kimi cavan, nə yaşlı kimi yaşlı yaşayırıq. Mən nəvələrimi oynadıram, onlarla xoş gün keçirəndə özüm özümə paxıllıq edirəm. Kaş yoldaşım da olaydı, o da baba kimi nəvələrini oynadaydı. Biz həyatdan küsmüş insanlarıq, uşaqların körpəliyinin xətrinə ölməmişik, yaşamışıq. Bizi heç kim başa düşə bilməz..."

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar