Fevral ayının 6-da Türkiyədə dağıntılara səbəb olan güclü zəlzələ baş verib.
Zəlzələ nəticəsində Türkiyənin bir çox bölgəsində 61 mindən çox binaya ziyan dəyib. Bundan istifadə edərək ölkədə kirayə mənzillərin qiymətlərini artıranlara nəzarət etmək üçün qaynar xətt yaradılıb.
Ümumiyyətlə, Türkiyə ilə yanaşı, digər ölkələrdə də kirayə mənzil bazarında süni qiymət artımına qarşı müəyyən müdaxilələr var. Ölkəmizdə də daşınmaz əmlak bazarında qiymətlərə nəzarət olunduğu vurğulansa da, kirayə bazarında günü-gündən qiymətlərdə artım müşahidə olunur. Bir ay öncə 500 manata təklif edilən mənzil hazırda 650-700 manata təklif edilir.
Bəs ölkəmizdə kirayə mənzillərin qiymətinə nəzarət mexanizmi varmı? Süni qiymət artımı ilə mübarizə aparmaq mümkündür?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, açıq bazara nəzarət mexanizmi yoxdur:
“Hər ölkənin özünəməxsus daxili qanunvericiliyi var. Elə ölkə var, qiymətlərin süni artımı ilə bağlı qanunvericilk mövcuddur, elə ölkə var, yoxdur. Azərbaycanda İqtisadiyyat Nazirliyi nəzdində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var. Lakin bu kimi dövlət qurumları, adətən, özəl sektora nəzarət edirlər. Fərdi vətəndaşların hər hansı bir işinə müdaxilə etmək digər qanunvericiliyə ziddir. Yəni əmlak mənimdir, onu istənilən qiymətə sata və kirayə verə bilərəm.
Burada bazarın tələbatına görə qiymət formalaşır. Açıq bazardır, yəni fərdi vətəndaşa məxsus hər bir əmlakın qiymətini istənilən səviyyəyə qaldırmaq olar. Kütləvi şəkildə kiməsə və ya hansısa şirkətlərə məxsus olan əmlakın bilərəkdən süni şəkildə qiymətinin artırılması başqa məsələdir. Bizdə də bu kimi nəzarət var. Amma o nəzarət vətəndaşların şəxsi mülkiyyətinə qarşı tətbiq edilə bilməz. Hərənin bir neçə mənzili var və onu kirayə verirsə, buna dövlət heç bir şəkildə müdaxilə edə bilməz”.
Ekspert bildirib ki, açıq bazarda vətəndaşlar özlərinə məxsus istənilən əmlak və digər əşyaların qiymətini özləri müəyyən edə bilərlər:
“Amma şirkət və iş adamları fürsətdən istifadə edərək qiyməti normadan çox artırırlar, belə halda dövlətin müdaxiləsi qaçılmazdır”.
Ekspert digər ölkələrlə müqayisədə ölkəmizdə təklifin az olduğunu bildirib: “Türkiyədə bazar olduqca böyükdür. Hər zaman da istər alış, istərsə də kirayə baxımdan təklif tələbdən üstündür. Biz nə qədər çalışsaq da, daşınmaz əmlak fondu yaradılsa da, yenə də təklif tələbatı üstələmir.
Ona görə də bizim ölkədə tikinti şirkətləri tərəfindən mənzillərin hamısı təmirsiz satılır. Hansı şirkətlər ki, onu təmir edib satırlar, artıq qazanc əldə edirlər. Amma Türkiyədə vəziyyət belə deyil, təklif çoxdur. Tikinti şirkətləri müştərini əldə saxlamaq üçün mənzili həm təmir, həm də təchiz edir. Bu kimi əmlaklar həddən artıq çoxdur. Orada artıq süni qiymət artımına görə şirkətlərə, iş adamlarına qarşı dövlət tədbir görə bilir. Fərqimiz belədir”.