“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini hazırlamağa kömək edir”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, sülhə gedən yolda çoxlu maneə var:
“Rusiya üçtərəfli razılaşmalar kompleksinə əsaslanaraq ölkələr arasında münasibətlərin normallaşdırılması üçün məqsədyönlü səylər göstərir. Rusiyanın vasitəçiliyinin məqsədi konstruktiv və mənalı dialoqu təmin etməkdir. Moskva həmçinin sülh prosesinin əsas prinsipləri və parametrləri ilə bağlı öz fikirlərini tərəfdaşlarına çatdırıb”.
Qeyd edək ki, rəsmi Moskvanın Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesində maneələrin olmasını açıqlaması ilk deyil. Daha öncə də rusiyalı rəsmilər dəfələrlə buna bənzər fikirlər səsləndiriblər. Əslində, sülhə gedən yoldakı əsas maneələri törədənin elə Rusiyanın özü olduğu heç kimə sirr deyil. Hərçənd ki, onlar bunun əksini iddia edirlər.
Ümumiyyətlə, söhbət hansı maneələrdən gedir?
Cebhe.info-ya açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, Rusiya indi daha ciddi cəhdlə prosesdə tamamilə yer almağa çalışır:
“Xatırladım ki, ötən il Moskva sülh danışıqlarından Qərblə müqayisədə geri qalmışdı. Putinin Vardanyan üzərindən gerçəkləşdirməyə çalışdığı məqsədlər də fiaskoya uğradı. Qarabağ ermənilərinin ayrılma planları isə əksinə Azərbaycanla inteqrasiya ilə əvəz olundu. Üstəlik, İrəvan administrasiyası Avropa İttifaqını Fransanın başçılığı ilə bölgədə yerləşdirməyə nail oldu. Belə olduğu halda Kremlin İrəvana təpkisi birə beşə artdı”.
Politoloqun sözlərinə görə, indiki vəziyyətdə Moskvanın maraqlarını Bakı ilə uzlaşdırmağa ehtiyacı var:
“Bu yolda ilk addımı Vardanyanın vəzifəsindən göndərilməsi ilə şahidi olduq. Rusiya bu günədək sülhə gedən yolu maksimum sabotaj edən tərəf olaraq, indi mövqeyini tamam dəyişmiş kimi göstərir və sülhdən yayınmada tək günahkarın Ermənistan olduğunu göstərməyə çalışır. Maneə deyərkən hədəf birbaşa Paşinyandır və onun da bərabər cəzalandırılması təklifi Bakıya irəli sürülür”.
Elmir Mustafa
Cebhe.info