Son günlər yaşayış yerindən kənarda 60 gündən artıq qalmaq istəyən vətəndaşların 7 iş günü ərzində qeydiyyata düşməsi qaydasının tətbiqi məsələsi gündəmə gəlib.
Bildirilir ki, bu qaydaya əməl etməyən vətəndaşlar 30 manat cərimə olunacaqlar.
Bu məsələ rayondan işləmək üçün paytaxta gələn vətəndaşlarla yanaşı Bakıda evi olub, lakin evin sənədini əldə edə bilməyən vətəndaşları da narahat edir.
Çox sayda vətəndaşın müvəqqəti qeydiyyatda olduğu polis idarələrindən qeydiyyatdan çıxarılması kütləvi problem yaradıb.
Sosial şəbəkələrdə iş yerlərində Bakı şəhərində qeydiyyatda olmayanlara xəbərdarlıq edilməsi ilə bağlı məlumatlar paylaşılır. Onlar da qeydiyyat üçün evi olan adam axtarırlar. Bu işi gəlir yerinə çevirmək istəyən, “qeydiyyat maklerləri”nin peyda olduğu da qeyd edilir.
Eyni zamanda, qohum evinə qeydiyyat bir sıra daxili problemlər yaradır. Evini kirayə verənlərin əksəriyyəti də mənzilinə əlavə qeydiyyat olmasın deyə mənzilləri müqaviləsiz kirayə verirlər. Belə olduqda məsələnin bir qisminin həlli paytaxtdakı çox sayda çıxarışsız evlərin sənədləşdirilməsi yolundan keçir. Ən azı evi olanlar illərlə yaşadığı mənzilə qeydiyyat ola biləcəklər.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, vətəndaş evdə yaşayırsa, mütləq şəkildə onun qeydiyyatı ora olmalıdır:
“Xarici vətəndaşlar Azərbaycana gələndə oteldə qaldığı günlərdə belə müvəqqəti qeydiyyatları olmalıdır. Çünki onları axtaranda tapmaq mümkün olsun. Azərbaycanda vətəndaş bir ünvanda qeydiyyatdadır, həmin mənzili satır, daha sonra mənzil alır, aldığı mənzilin çıxarışı olmadığı üçün ora qeydiyyata düşə bilmir.
Hazırda yüzlərlə vətəndaş polis qeydiyyatındadır. Bu, düzgün yanaşma deyil. Vətəndaşın əlçatanlıqla bağlı yaşadığı ünvanı olmalıdır. Bu gün Bakı şəhərində çoxsaylı yeni tikili binalarda sənəd yoxdur, sənəd olmadığı üçün vətəndaş qeydiyyata düşə bilmir. Təkcə Bakı və Abşeron ərazisində yarım milyondan çox çıxarışı olmayan problemli həyət evləri var ki, onların heç birinə qeydiyyata düşmək mümkün deyil. Burada yaşayan, amma başqa rayon və bölgə qeydiyyatında olanların sayı yüzlərlədir”.
Ekspert təxmini hesablamalarla paytaxtda milyon yarımdan çox qeydiyyatsız insanın olduğunu bildirib:
“Vətəndaşın qeydiyyatının olmaması və ya müvəqqəti qeydiyyatda olduğu ünvandan xəbərsiz çıxarılması Konstitusiyaya zidddir. Vətəndaşlar bir növ havada qalıblar. Onların şəxsiyyət vəsiqələri etibarsız sayılır, istənilən sadə əməliyyatları apara bilmirlər. O baxımdan bu məsələ köklü şəkildə öz həllini tapmasa, ciddi problemə çevriləcək.
Azərbaycanda ən böyük problemlərdən biri daşınmaz əmlak sahəsində baş verən problemlərdir, 500 mindən çox həyət evinin çıxarışı yoxdur. Həmin mənzillərdə yaşayan əhali sayını təxmini hesablasaq, yəni ər, arvad və bir uşaq götürsək bu milyon yarım əhali deməkdir. Bu problem aradan qalxmalıdır ki, düzgün statistika aparıla bilsin. Bu gün heç kim deyə bilməz ki, paytaxtda yaşayan əhalinin sayı nə qədərdir”.
Günay Şahmar
Cebhe.info