Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bazara çox sayda ucuz ev çıxarıldı: Maklerlər pulsuz qalacaq

23-01-2023, 14:51   


Bazara çox sayda ucuz ev çıxarıldı: Maklerlər pulsuz qalacaq


Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vaxtilə məcburi köçkünlər üçün tikilmiş, amma hazırda təyinatı dəyişdirilmiş mənzilləri satışa çıxarıb. Mənzillər 2, 3, 4 otaqdan ibarətdir. 

Satışına 23 yanvar saat 10:00-da başlanılan mənzillər Bakının Ümid, Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonunda yerləşir.

Cebhe.info-nun araşdırması göstərib ki, ümumilikdə Bakı, Abşeron və Samuxda 1662 mənzil satışa çıxarılıb. Abşeron rayonu – Yeni Yaşayış Kompleksində mənzillərin bir kvadratmetrinin qiyməti 740, 780, 830 manat arasında dəyişir. Sahəsindən asılı olaraq 2 otaqlı mənzillərin qiyməti 53-85 min manat aralığındadır. Bu, 3 otaqlılarda 54-70 min manat, 4 otaqlılarda isə 64-85 min manatdır.

Bakı şəhəri Qaradağ rayonunun Ümid qəsəbəsində 89 mənzil satışa çıxarılıb. Burada da mənzillərin qiymətləri onların sahəsinə görə dəyişir. Mənzillərin bir kvadratmetri 700-740 manata təklif olunur. Ümumilikdə 10 binada 72 mənzil satışa çıxarılan Kürdəxanı qəsəbəsində mənzillərin qiyməti 3 otaqlılarda 57-62 min manat, 4 otaqlılarda isə 68-72 min aralığındadır.

Burada mənzillərin bir kvadratmetri 800- 840 manata təklif edilir. Ramana qəsəbəsində 147 mənzil satışa çıxarılıb. Mənzillərin qiyməti 3 otaqlılarda 63-73 min manat, 4 otaqlılarda 80-86 min manat aralığında dəyişir. Mənzillərin bir kvadratmetrinin qiyməti 800-850 manatla hesablanır. Samux rayonunda satışa çıxarılan mənzillərin yalnız 4 otaqlıların qiyməti göstərilib. Bu da 43-45 min manatdır.

Mənzillərin bir kvadratmetri 435-450 manata təklif olunur. Hazırda bu mənzillərin satışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış elektron portal (ms.sosial.gov.az) vasitəsilə onlayn qaydada həyata keçirilir. 

Bu mənzillərin satışı əmlak bazarında qiymətlərin ucuzlaşmasına təsir edəcək? 

Mövzu ilə bağlı Cebhe.info-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu mənzillərin satışı əmlak bazarında durğunluq yaradacaq: 

“Bugünkü bazar qiymətlərinə baxsaq, həmin ərazilərdə təqdim olunan təmirli mənzillərin satış qiyməti bu ərazilərdəki digər təmirli mənzillərin qiymətindən ucuzdur. Son bir neçə ildə qiymətlərin artması baş verib. Satışa çıxan mənzillərin sayı az deyil, əmlak bazarına ciddi təsir edə bilər. Yəni süni şəkildə qiymət artımına öz təsirini göstərəcək. Ümumilikdə 2000-ə yaxın mənzil satışa çıxarılıb. Bu da böyük kütlənin mənzil problemini aradan qaldırmağa gətirib çıxaracaq. Həmin ərazilərə yaxın istər köhnə, istərsə də yeni tikili binalardakı satış qiymətlərində də enmə müşahidə olunacaq. Əmlak bazarına müəyyən vaxta qədər boşluq hökm sürəcək. Çünki 2000-ə yaxın müştərinin həmin mənzillərə cəlb olunması, onların evlə təmin olunması bazarda bir müddətlik müştəri qıtlığı yardacaq, buna görə də qiymətlərdə enmə mütləqdir”. 

O, qiymət artımının mərkəz ərazilərə təsir etməyəcəyini desə də, süni şəkildə qiymət artımının qarşısını alacağını deyib. Bundan başqa, Elnur Fərzəliyev hazırkı qiymətlərlə nazirliyin satışa çıxardığı mənzillərin qiymətini müqayisə edib: 

“Hazırda torpaq və tikilinin qiymətini hesablasaq, ən ucuz ərazidə belə təxminən məbləğ 900 manatın üstündə olur. Məsələn, Xırdalanda yeni tikilməkdə olan binalarda təmirsiz mənzilin bir kvadratmetri 900 manatdan baha təklif olunur. Həmin ərazilərdə də təmirsiz ev ən ucuzu 850-900 manata satışa çıxarılır. Hər kvadratmetrinə 250 manat təmir qiyməti hesablansa, 1100 manat edir”. 

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar