
“O vaxt elə təəssürat yaradılmışdı ki, sanki bu dil çobanların, sağıcıların dilidir” – Xalq şairi
Sabir Rüstəmxanlı: “Azərbaycanlıların əksəriyyəti də rus dilində danışırdı”
Bu gün Azərbaycanda Ana Dili Günüdür. Maraqlıdır, ana dilimizin hazırkı durumu nə dərəcədə qənaətbəxşdir?
anaxeber.info-a açıqlama verən sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı dilimizə uzun illər ərzində ciddi təzyiqlərin olduğuna diqqət çəkdi:
“Əvvəllər ana dili dərs ilinin başlanğıcında qeyd olunurdu. Məktəblərin öz qapılarını şagirdlərin üzünə açdığı bir gündə ana dilinin qeyd edilməsi daha təbii və təsirli idi. Bu baxımdan Ana Dili Günü kimi niyə məhz avqustun 1-nin seçildiyini bilmirəm.
Millətin millət olmasının başlıca amillərindən biri dildir. Əgər türk dli varsa, deməli türk milləti də var, əgər türk dili yoxdursa, deməli türk milləti də yoxdur. Azərbaycanda yaşayan bütün xalqları bir-biri ilə yaxınlaşdıran, onları böyük Azərbaycanın bir hissəsinə çevirən əslində Azərbaycan türkcəsidir. Bu dil dövlətimizin də rəsmi dövlət dilidir.
Dilimizə çox hücumlar olub. 30-cu illərdə Stalin türk dili sözünü Azərbaycan dili sözü ilə əvəzlədi. Halbuki, ərazi adı ilə dil olmaz. Dil millətin adı ilə olar.
Türk dili Avrasiyada çox geniş yayılmış dillərdən biridir. İngilis dili ABŞ, Böyük Britaniya, Hindistan dili və s. kimi bölümlərə ayrılmır. Ərəb dili də İraq, Misir, Suriya, İordaniya və s. dili kimi hissələrə bölünmür. Türk dili də bir dildir. Bu dilin müxtəlif ləhcələri, qolları var. Lakin bu dil ağacının dili türk dilidir.
Bu gün dillə məşğul olan bütün insanların, bu dildə yazan, oxuyan, bu dildə protokol çalışmaları aparan bütün insanların bayramıdır. Mən bütün xalqımızı bu bayram münasibəti ilə təbrik edirəm.
Azərbaycan türkcəsi həm 20-30-cu illərdə, həm də 40-50-ci illərdə sıxışdırılırdı. Mən o zaman cavan yazıçı olaraq bəzi tədbirlərdə iştirak edirdim. Həkimlər, müəllimlər, neftçilər günündə iştirak edirdim. Bir də baxırdın ki, tədbirdə əyləşənlərin 95%-i azərbaycanlılardır. Lakin bütün çıxışlar rus dilindədir. Yalnız arada bir hansısa bir pioner Azərbaycann dilində şeir deyirdi. Və ya bəzən hansısa sağıcı Azərbaycan dilində hansısa qurultayda danışırdı. Sanki Azərbaycan dili sağıcıların, çobanların dili idi. Bu gün isə Azərbaycan dili dövlət dilidir və həyatımızn bütün sferalarında bu dil işlədilir. Bu gün dillə bağlı nə qədər qüsur varsa, bu dilimizin inkişafı fonunda xırda məsələlərdir”.
anaxeber.info