Azərbaycan ordusunun Qarabağda iki yeni yüksəkliyi nəzarətə götürməsi ilə bağlı məlumatlar yayılıb.
Həmin yüksəkliklərin Laçın və Kiçik Qaladərə arasında olduğu bildirilir. Onlardan biri 1516 km, digəri isə 1686 km yüksəklikdədir.
Məlumatı Bakupost.az -a təsdiq edən ehtiyatda olan polkovnik, hərbi-ekspert Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan Laçın yoluna nəzarəti gücləndirir: “Azərbaycan dayanmayacaq. Laçın yolunda vacib yüksəkliklər nəzarətə götürülür. Daha iki yüksəkliyin əldə olunması ilə bağlı məlumatlar doğrudur. Xəritədə də baxdım, bu yüksəkliklər strateji cəhətdən mühümdür. Gələcəkdə bu yüksəkliklərdən həmin ərazilərə köçən əhalinin təhlükəsizliyinə nəzarət edə biləcəyik. Onları separatçıların, erməni təxribatçıların mümkün hücumlarından qoruyacağıq”.
Hərbi ekspert Rusiya sülhməramlılarının yeni komandirinin Azərbaycanın açdığı sərhəd-buraxılış məntəqəsinə nəzarəti gücləndirməyə çalışdığı barədə məlumatlara da münasibət bildirib: “Sülhməramlılar əvvəlcə 10 noyabr bəyannaməsinin müddəalarını yerinə yetirsinlər. Zəngəzur dəhlizi, delimitasiya-demarkasiya məsələsi bu günə kimi öz həllini tapmayıb. Bunları yerinə yetirdikdən sonra nəsə iddia etsinlər. Oranı yenidən nəzarətə götürmək istəkləri yersizdir və mümkün deyil. Bizim Sərhəd Xidməti və Gömrük Komitəsinin əməkdaşları artıq oradadır. Bu, Arayiklərə, Vardanyanlara, elə Rusiyanın özünə də sərf etmir. Ancaq Azərbaycan öz mövqeyini ortaya qoyub və geriyə addım atmayacaq. Həmin ərazilərə nəzarət etməyimiz 44 günlük müharibədə qazanılmış qələbəyə bərabərdir”