Kürdəmirdə sentyabrın 4-də ard-arda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 20:35-də Kürdəmir rayonunda qeydə alınan zəlzələnin maqnitudası 5,2, saat 01:19-da qeydə alınan zəlzələnin maqnitudası isə 3 olub. Hər iki yeraltı təkanın ocağı 52 kilometr dərinlikdə yerləşib və yeraltı təkanlar qonşu rayonlarda da hiss olunub.
Bundan başqa, ötən ay ölkənin cənub bölgəsində zəlzələ baş verib. 23 avqustda yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudalı zəlzələ qeydə alınıb. Həmçinin, iyul ayında da paytaxt sakinlərini təşvişə salan zəlzələ olub. Ocağı Xəzər dənizində 20 kilometr dərinlikdə yerləşən zəlzələnin 5,5 bal gücündə olduğu qeyd edilib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Bakıda və Azərbaycanın bir sıra rayonlarında hiss olunub.
Bir sözlə, müəyyən aralıqla baş verən yeraltı təkanlar insanları təşvişə salıb. Ard-arda qeydə alınan zəlzələlərin səbəbi nədir? Seysmikliyin aktivliyinin elmi əsasları varmı? Ardıcıl baş verən yer titrəyişlərini tətikləyən nələrdir?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Cebhe.info-ya hər gün daha çox zəlzələnin olduğunu deyib:
“Yerdaxili proseslər gedir. Hər gün respublika üzrə müxtəlif saylarda təkanlar baş verir. Elə dünən, hardasa 37 dənə təkan qeydə alınıb. Bunların içərisində hiss olunanı Kürdəmirdə baş verdi. O da 52 kilometr dərinlikdə olduğuna görə respublikanın əksər rayonlarında, orta Kür, cənub rayonlarında hiss olunub. Dünənki zəlzələ çox güclü deyil, zəlzələnin gücü 5 bala yaxındır. O da əslində normal tikililər üçün heç bir qorxu yaratmamalıdır. O tikili normal tikilibsə, çat belə olmamalıdır.
Çünki 4 baldan yuxarı zəlzələni hamı hiss edir. 7 bal gücündə zəlzələ zamanı çatlar əmələ gələ bilər, 8 balda müəyyən hörüklər uça bilər, 9 balda dağıla bilər, 12 bal, ümumiyyətlə, relyef dəyişməsidir. İnsanlarda da belə xof yaranmasın ki, güclü zəlzələlər baş verir. İntensivliklə götürdükdə, dünənki təkanların nə gücü vardı ki?!”
O, Azərbaycanın seysmik bölgədə yerləşdiyini xatırladaraq tez-tez yeraltı təkanların qeydə alındığını deyib:
“Azərbaycan seysmik aktiv bölgədə yerləşir. Tektonik qırılmalar baş verir və bununla əlaqədar ayrı-ayrı bloklara parçalanır. Hər bir blokun özünün ayrıca hərəkəti var. O da yer daxilində gedən geodinamik proseslərdir, müəyyən amillər var ki, buna təsir göstərir. Məsələn, bir blokun sürəti çox, birinin sürəti azdır. Müəyyən dövrdə gərginlik toplanır, sıxılma gedir, bir an gəlir ki, laylar deformasiya vəziyyətinə gəlir, burada da parçalanma gedir. Bu da mühitə dalğa formasında yayılır.
Yer də canlıdır, hərəkətdədir. Burada vulkanlar püskürür, zəlzələlər baş verir. O, daim hərəkətdədir, nüvədən tutmuş litosferin yer qabığına kimi hər şey hərəkətdədir. Qravitasiya sahəsi, müxtəlif yer daxilində gedən proseslər, onun kənarında planetlərin, Günəşin, Ayın da müəyyən periodlarda yaxınlaşması, Günəş aktivliyi var. Bunlar bir-birinə bağlıdır və hərəkətlərə təsir göstərir. Burdakı zəlzələlər də onun nəticəsində vulkan püskürməsi, karst mağaralarının uçması şəklində meydana gəlir”.
Seysmoloq Ənvər Əliyev saytımıza bildirib ki, ölkəmzidə zəlzələnin olmaması təəccüblüdür:
“Biz elə bölgədə yaşayırıq ki, istənilən an zəlzələ ola bilər. Aktivliyi o zaman bilmək olur ki, sən olanı bilirsən və olacağı da dəqiqləşdirirsən. Amma bu mümkün deyil, insan təbiət qarşısında acizdir. Regionallığa görə bura seysmik bölgədir. Amma zəlzələnin vaxtını dəqiq bilmək mümkün deyil, dəqiq proqnoz vermək də düzgün olmaz. Mən də bilirəm ki, zəlzələ mütləq olacaq. Burada zəlzələnin olmaması təəccüblü və maraqlıdır. Hər gün bizdə minlərlə titrəyiş qeydə alınır.
Ona görə də burada qorxulu bir şey yoxdur. Bizim ərazi elə yerdədir ki, Ərəbistan yarımadası hərəkətdədir və bizi sıxır. Bu sıxıntılar vasitəsilə Türkiyədəki kimi bir qitə digər qitənin artına girir, bu fantastik güc yaradır. Məsələn, San-Fransisko, Argentinadakı zəlzələlər buna misaldır. Çünki Sakit okean Şimali və Cənubi Amerikanın altına girir. Orada güclü zəlzələ yaranır. Şərqdə də Yaponiyanı məhv edir”.
Seysmoloq zəlzələnin fəsadsız ötüşməsi üçün tikinti infrastrukturunun düzgün qurulmalı olduğunu vurğulayıb:
“Türkiyədə zəlzələ olanda çoxları dedi ki, türk seysmoloqlar bunu bilirdi. Bilirdilərsə, niyə o cür evlər tikirdilər? Birdəfəlik bilmək lazımdır ki, elm bunun qarşısında acizdir. Elmin bu sahədə bilgisi yoxdur. Biz sadəcə tikinti texnologiyasına əməl eləməliyik. Zəlzələdən qorxmaq lazım deyil, tikililərin dağılması insanları qorxudur. Bu işdə məsuliyyətsizlik, yarıtmazlıq var”.
Ekspert bundan başqa yerə təsirlərdən danışıb:
“11 illik Günəş dövrəsi var, o, təsir edə bilir. Ay yerə yaxınlaşanda, cazibə qüvvəsi artır, yerin altındakı maqnatik maddələr əriyir, ay onları maqnitə həssas olduqları üçün çəkə bilir. Nəticədə onlar yerin çatlarına dolur, harda aktiv seysmik zona var, orada öz işini görür. Bu da bir variantdır. Ümumilikdə, həssas bölgədə yerləşirik. Yerləşdiyimiz bölgə elədir ki, bura daim təzyiq altında saxlanılır. Çünki nəhəng bir piltə ilə digər Ərəbistan boyda piltə toqquşur. Bu, fantastik bir qüvvədir. Biz həmişə yüksək təzyiqli sıxıntının içindəyik”.
Günay Şahmar
Cebhe.info