
Son vaxtlar Naxçıvana uçuşlarla bağlı yenidən problemlər yaranmağa başlayıb
Bu barədə Bakupost.az -a millət vəkili Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, bir aydan artıqdır ki, Naxçıvana bilet almaq böyük bir problemə çevirilib:
"İran yolu bağlayıb, bircə təyyarə yolu qalıb. Tələbat varsa, təyyarələrin sayını artırsınlar. Bir neçə il öncə bileti 60 manata qaldırdılar. Onsuz da bu qiymətə keyfindən kimsə Naxçıvana getmir. Adamın ölüsü var, dirisi var, xəstəsi var, doğma yurd həsrəti var. Nədir bu bilet kassasının qarşısındakı zəhlətökən növbələr? 21-ci əsrdə bilet üçün bu qədər növbə olar? Qadını, yaşlısı, uşağı bilirsiniz nə çilə çəkir? Elektron bilet satışı deyirdiniz, hanı o biletlər? Kim məsuliyyət daşıyır buna? Təcili əncam çəkilməlidir".
Bakupost.az -a şikayət edən sərnişinlərdən biri isə “AZAL”ın Nizami küçəsində yerləşən aviakassasından narazılığını dilə gətirib:
“Kassaya gələn, yaxud onlayn müraciət edən şəxslər yanlız 1 ay sonraya bilet ala bilir. Məsələn, indi bilet əldə etmək istəsəm, iyul ayının sonuna ala biləcəm. Uçuş tarixinə iki gün qalmış əlavə reyslər verilir. Bu reyslərin biletləri isə yanlız aviakassalarda satılır. Nəticə etibarilə saat 5-dən aviakassanın qabağı Naxçıvana uçmaq istəyən sərnişinlərlə dolur. Mən saat 8-ə qalmış gəlmişdim. Növbədə 140-cı idim. 140 nəfər növbə olanın hər biri də 2-3 nəfərə ayrılıqda bilet alır. Yay olduğu üçün çoxu ailəsi ilə birlikdə istirahətə gedir. Səhər 9-da kassa açılır. 10-a işləmiş birinci reys verilir. Dünən 19:40-da açıldı. Cəmi 5-10 dəqiqəyə reysin bağlandığını dedilər. İndi isə 23:00 üçün biletlər satılır. Burada onlarla insan var. Növbənin uzun olduğunu görüb kənarda duranlar da çoxdur”.
Şikayətçinin sözlərinə görə, xarici şirkətlər Bakı-Naxçıvan reysi ilə 35-40 manata uçuş həyata keçirmək üçün müraciət edib, lakin onlara müsbət cavab veilmir:
“Aldığım məlumata görə, bəzi xarici şirkətlər Naxçıvan-Bakı reysi ilə 35-40 manatdan başlayaraq uçuş həyata keçirməyə razıdırlar. Bununla bağlı Azərbaycana müraciət də edilib. “AZAL” 60 manata bilet satır, sonra deyir ki, ziyan edirəm. Əgər belədirsə, xarici şirkətlər bizdən beynəlxalq qiymətlərə yanacaq alıb 35-40 manatlıq uçuşa necə razı ola bilər? Türkiyədə İstanbul-İğdır reysi də 60-70 manata başa gəlir. Uçuş müddəti də Bakı-Naxçıvan reysindən iki dəfə çoxdur. Yaxud Avropa ölkələrində 20-30 avroya bilet tapmaq olursa, deməli bizdə də olar. Sadəcə “AZAL” hökmranığı əldən vermək istəmir. Monopoliyanı əlində saxlamaq üçün onlara imkan vermir. Nəticədə isə insanlar əziyyət çəkir”.
Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova ilə əlaqə saxladıq:
“Sərnişin özü bizə şikayət etsin. Biletləri saytdan indi də almaq mümkündür. Avibiletlərin qiyməti baha ola bilməz. İki gün öncə bununla bağlı açıqlama da verdik. Biletlərin standart qiyməti 60 manatdır. Müəyyən kateqoriyadan olan insanlara isə 10 manat endirim olur”.
Elnur
BakuPost