Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron, Samux rayonlarında yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərdən artıq 200-ə yaxını satılıb.
Mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışı davam edir. Nazirliyin məlumatında qeyd edilib ki, mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb və mənzillər sahiblərinə təqdim olunub.
Hazırda 1400-dən çox mənzilin ms.sosial.gov.az portalı üzərindən bron edilməsi və bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir. Mənzillərdən maksimum 3 mənzili bron etmək imkanı verilir. Həmçinin, mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Mənzillərin satışına yanvar ayından başlanılsa da hələki 200 mənzil satılıb. Digər sosial layihələrdə isə təklif olunan mənzillər bir neçə saniyə ərzində daha sürətlə satılır. Maraqlıdır, mənzillərin sürətli satılmamasına səbəb nədir?
Qiymətlər ərazinin bazar qiymətinə uyğundurmu? Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən, vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub: 1 otaqlı mənzillərin qiyməti 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti 65 626 manatdan başlayır.
Nümunə üçün satışa çıxarılan mənzillərin bəzilərinin qiymətləri ilə tanış olaq: Bakının Ümid qəsəbəsində satışa çıxarılan 71 kvadrat metr sahəsi olan 3 otaqlı mənzilin qiyməti 56 800 manatla 59 640 manat arasında dəyişir. Kürdəxanı qəsəbəsində də eyni göstəricilərlə satışa çıxarılan mənzillərin qiymətində fərq yoxdur.
Xocəsən qəsəbəsində isə 79.4 kvadrat metr sahəsi olan 3 otaqlı mənzil isə 63 520 manata təklif edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən saytımıza bildirilib ki, satışa çıxarılan mənzillərin dəyərini nazirlik tərəfindən dəvət olunan müstəqil qiymətləndiricilər təyin edib.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev sosial layihələrdə qiymətin bazar dəyərindən xeyli aşağı olduğunu deyib:
“Adi bir bina tikən şəxs torpaq sahəsi alır, torpaq sahələrinin satış qiymətləri isə çox bahadır. Üstəlik, sənəd və digər işləri hesaba gəldikdə bu tikintinin maya dəyəri bugünkü bazar qiymətindən həddindən artıq baha çıxır. Amma hər hansı dövlət layihəsi olduqda torpaq sahəsi dövlət tərəfindən ayrıldığı, həmçinin, sənədləşmə prosesi sadələşdiyi üçün tikintinin maya dəyəri aşağı qiymətə gəlir.
Yasamalda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təmirli mənzilləri var. Həmin mənzillərin bir tərəfi Yeni Yasamaldır, üzbəüz hissədə isə Şərifzadə küçəsi yerləşir. MİDA-nın sağ və sol tərəfindəki təmirli mənzillərin satış qiymətləri ilə MİDA-dakı mənzillərin satış qiyməti arasında çox böyük fərq var. Niyə bu qədər fərq yaranır, çünki bu, dövlət sosial layihəsidir. Torpağa və digər sahələrə pul verilmədiyi üçün maya dəyəri real bazar qiymətindən aşağı çıxır”.
Elspert sözügedən mənzillərdə də qiymətlərin əraziyə uyğun olduğunu qeyd edib:
“Sözügedən binalar da mərkəzdə deyil, kənar ərazilərdədir. Ümumən onların satış qiymətinə baxanda, bu gün tikinti və təmirin xərcini toplayanda təxmini elə bir qiymət çıxır. Qiymət ortalama 800 manatdır. Amma bu gün tikintinin təkcə beton, kərpic, suvaq işlərinin kvadratı təqribən 400-500 manata çıxır. Təmir və digər xərcləri hesablayanda ərazi üçün indiki maya dəyəri edir”.
Elnur Fərzəliyev hesab edir ki, satışın ləng getməsinin səbəbi insanların seçim qarşısında qalmasıdır:
“Bu gün mənzil almaq istəyən, əlində bir az pulu olan şəxslər çalışırlar ki, mərkəzə yaxın ərazidən ev alsınlar. Həmin ərazilərdə də mənzillərin qiyməti ərazi olaraq baha deyil, həmin ərazilər üçün ucuzdur. İnsanlar seçim qarşısında qalırlar, düşünürlər ki, bir az baha qiymətə şəhərə və ya hansısa metrostansiyaya yaxın 3 otaqlı yox, 2 otaqlı mənzil ala bilərəm”.
Günay Şahmar
Cebhe.info