
Natiq Cəfərli: «Həmin sosial müavinəti ayıranların üzərində eksperiment keçirib, onların ailələrinin 100 manata necə yaşadığını müəyyənləşdirmək yaxşı olardı»
Azərbaycanda hər ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği son 8 ildə 3 dəfədən də çox artıb. Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “trend”ə verilən məlumatda bildirilir ki, ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq, bu il yanvarın 1-dən 100 manata çatdırılıb.
Xatırladaq ki, bu ilin 1 iyul tarixinə ölkədə 559 min 834 nəfər ailə üzvünü əhatə edən 128 min 25 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub. Həmin ailələrdən 37 min 208-i tərkibində 3 və daha çox uşağı olan, 11 min 596-sı məcburi köçkün, 307-si isə şəhid ailələridir. Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 5805 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 276 min 134 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6050 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı isə 32 min 789 nəfərdir.
Reallığa diqqət yetirəndə, bir ailənin ehtiyaclarını qarşılamaq üçün 100 manatın neçə günə kifayət edəcəyini hesablamaq çox asandır. Ən çətini bu məbləğlə bir ayı necə yola verməkdir ki, bunu da səlahiyyət sahibləri izah etmək istəmir. Görəsən, 8 ildə ünvanlı yardımların orta aylıq məbləği üç dəfə artırılandan sonra cəmi 100 manata çatdırılıbsa, burada fəxr etməli nə var?!
Iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, Azərbaycandakı qiymətlərə və qonşu ölkələrin bu sahədə gördüyü işlərə nəzər salanda, ölkəmizin iqtisadi potensialı fonunda verilən məbləğlərin həddən artıq kiçik olduğu görünür. Ekspertin sözlərinə görə, Azərbaycanda verilən əməkhaqqılar, təqaüdlər, sosial müavinətlər iqtisadiyyatında neft və qaz, yəni, enerji resursları dominant rol oynayan Qazaxıstan, Rusiyadan belə aşağı səviyyədədir: “Hökumət rəqəmlərlə oynamağı, insanları çaşdırmağı uzun illərdir təcrübədən keçirir. Sosial müavinətlərin son illərdə üç dəfə qaldırılmasının reallıqla nə qədər uzlaşdığı və bir ayın ehtiyaclarını nə dərəcədə ödədiyindən bəhs edən yoxdur. Həmin sosial müavinəti ayıran insanların üzərində bir eksperiment keçirməklə onların ailələrinin 100 manata necə yaşadığını müəyyənləşdirmək yaxşı olardı”.
Ekspert vurğulayır ki, ölkənin potensialı ilə real rəqəmlər arasında ciddi fərqlər var. Sadəcə, iqtisadi rəqəmlərlə müəyyən dərəcədə oynamaqla ictimai şüura təsir etməyi düşünürlər: “Amma adamlar çox yaxşı başa düşür ki, deyilənlər reallıqla uyğun gəlmir”.